"Turan"ın müraciətinə müsbət cavab verilməyib
24 Dekabr 2010 Cümə 23:00
AFFA İntizam Komitəsinin qərarı qüvvə qalıb
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda dörd məsələyə baxılıb və qərarlar qəbul olunub. Komitə "Turan"ın müraciətinə baxıb və İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, "Turan" - "Simurq" oyunundan sonra meydan sahiblərinin oyunçusu Muammer Erdoğdu ilə qonaqların üzvü Elnur Abbasov arasında dava düşmüşdü. İntizam Komitəsi bu səbəbdən Muammeri 5 oyunluq cəzalandırıb, "Turan"ı 3000 manat cərimə etmişdi. "Turan" cəzanın azaldılmasını tələb edirdi.
Apellyasiya və Ekspert Komitəsi "Bakılı"nın da müraciətinə baxıb və qərar qəbul edib. Belə ki, "Bakılı"nın futbolçusu Elnur Hüseynov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılıb. Elnur Hüseynov intizam tədbiri olaraq 1 illik yaşıl meydandan kənarlaşdırılıb, digər 1 illik cəzadan isə 1 illik sınaq müddəti tətbiq edilməklə azad olunub. 1 illik sınaq müddəti ərzində Elnur Hüseynov analoji hərəkətlərə yol verdiyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Apellyasiya və Ekspert Komitəsi İntizam Komitəsinin U-13 liqası çərçivəsində keçirilən "Təhsil" - "Bakı kəndləri" oyunu ilə bağlı məsələyə yenidən baxması üçün geri qaytarıb. Futzal üzrə NTD klubunun futzalçı Ramin Həsənovun 4 oyunluq cəzalandırılması ilə bağlı müraciət isə təmin olunmayıb.
DOSTLARINLA PAYLAŞ: