Trabzonda Milandakı şounun davamı olacaqmı?
22 Noyabr 2011 Çərşənbə Axşamı 20:57
"Trabzonspor" - "İnter" qarşılaşmasında türkləri yalnız qələbə qane edir.
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. A qrupunda “Napoli” öz meydanında “Mançester Siti” ilə görüşəcək. Növbəti mərhələyə çıxmaq şansını saxlamaq üçün İtaliya təmsilçisi bu görüşdə qələbə qazanmalıdır. Qrupun digər qarşılaşmasında isə qrup lideri “Bavariya” autsayder “Vilyareal”la qarşılaşacaq.
Azərbaycan futbolsevərlərinin diqqəti B qrupunda baş tutacaq oyunlara yönələcək. Burada “Trabzonspor” klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “İnter”lə üz-üzə gələcək. Bu görüşdə Türkiyə təmsilçisini yalnız qələbə qane edir. Digər oyunda isə CSKA (Moskva) doğma azarkeşləri önündə “Lill”lə qarşılaşacaq.
C qrupunun ən maraq doğuran oyunu isə “Mançester Yunayted” və “Benfika” komandaları arasında baş tutacaq. Eyni xala malik olan komandalar qrup liderliyi uğrunda mübarizə aparacaqlar. Qrupun digər matçında Rumıniyanın “Otselul” (Qalats) klubu İsveçrə “Bazel”ini qəbul edəcək.
D qrupunda isə qrup ikinciliyi uğrunda gərgin mübarizə gedir. Fransada üz-üzə gələcək “Lion” və “Ayaks” klublarının dueli böyük maraq doğurur. Madridin “Real” klubu isə bu turda “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşacaq. Joze Mourinyonun komandasını bu görüşdə bir xal da qane edir.
DOSTLARINLA PAYLAŞ: