Toni Adams qəbəlilərə sevinc bəxş etdi
27 Noyabr 2010 Şənbə 16:55
“Qəbələ” XI turda böyükhesablı qələbə qazanıb
Bü gün Unibank Premyer Liqasında XV tura start verilib. Turun ilk oyunlarında “Gəncə” – MOİK-lə, “Qəbələ” isə “Simurq”la üz-üzə gəlib. Son oyunlar qələbə üzünə həsrət qalan “Gəncə” uğursuz seriyaya son qoyaraq MOİK-i 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın 29-cu dəqiqəsindən etibarən MOİK bir nəfər azlıqda mübarizə aparıb.
“Hərbçilərin” heyətində Nuran Qurbanov qırmızı vərəqə alaraq meydan qovulub. “Gəncə” bu üstünlükdən yalnız oyunun 85-ci dəqiqəsində istifadə edə bilib. “Gəncə”nin heyətində Junivan Suares fərqlənərək komandasına 3 xal qazandırıb. “Gəncə” bu qələbə sayəsində aktivindəki xalların sayını 19-a çatdırıb.
Digər qarşılaşmada isə ingilis baş məşqçi Toni Adamsın çalışdırdığı “Qəbələ” “Simurq”u böyükhesablı məğlubiyyətə uğradıb. Matç 4:0 hesabı ilə Qəbələnin eyniadlı klubunun xeyrinə yekunlaşıb. Komandanın heyətində qollara Deon Barton 30 və 60-cı dəqiqədə penalti zərbəsi ilə, 54-cü dəqiqədə Kristian Torres, 90-cı dəqiqədə isə Arif İsayev imza atıb. “Qəbələ” bu qələbə sayəsində aktivindəki xalların sayını 23-ə çatdıraraq turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
DOSTLARINLA PAYLAŞ: