Teymur Rəcəbov qalib gəldi, Vüqar Həşimov sülh bağladı
17 Yanvar 2012 Çərşənbə Axşamı 01:01
Qrossmeysterimizi liderdən 0,5 xal ayırır.
Hollandiyada keçirilən şahmat superturnurində ermənistanlı Levon Aronyanı məğlub edən norveçli qrossmeyster Maqnus Karlsen turnirin lideri olub. ANS PRESS-in turnirin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünya reytinqinin bir nömrəsi Maqnus Karlsen ağlarla oynayıb və oyun 68-ci gedişdə başa çatıb.
Üçüncü turda daha iki qələbə qeydə alınıb. Azərbaycanlı Teymur Rəcəbov ağlarla çexiyalı David Navaranı, rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Girini məğlub edib.
Turun qalan oyunları sülhlə başa çatıb: Boris Gelfand (İsrail) - Veselin Topalov (Bolqarıstan), Lyuk van Veli (Hollandiya) - Vüqar Həşimov (Azərbaycan), Qata Kamski (ABŞ) - Vasili İvançuk (Ukrayna) və Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (İtaliya).
Turnir cədvəlinə 2,5 xalla Maqnus Karlsen başçılıq edir. Üç turdan sonra hərəyə 2 xal toplayan Levon Aronyan, Fabiano Karuana və Teymur Rəcəbov sonrakı yerləri bölüşdürürlər.
Dünya reytinqinin yeddi qrossmeysterinin işdirakı ilə keçirilən turnir yanvarın 29-da başa çatacaq.
DOSTLARINLA PAYLAŞ: