Teymur Məmmədov: Mən uduzmadım, hakimlər qələbəni rəqibə verdilər
    15 Avqust 2012 Çərşənbə 11:27
    Azərbaycan boksçusu, XXX London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun müsahibəsi.
    
                	 
    
         - Londona çempionluq üçün yollansanız da, bürünc medalla kifayətləndiniz. Bu da istənilən halda, həm sizin, həm də Azərbaycan üçün böyük uğurdur... 
- Əlbəttə, Olimpiadada qarşıma qızıl medal qazanmaq məqsədi qoymuşdum. Amma bu, mənə qismət olmadı. Buna baxmayaraq, heyfsilənmirəm. Allaha min şükür ki, Vətənə medalla qayıtmışam. Əsas budur!
- Döyüşlərin arasında hansını fərqləndirərdiniz? Belə demək olarmı ki, ən çətini yarımfinal görüşü oldu? 
- Düzdür, hər bir yarışda birinci döyüş həmişə ağır olur. Amma yarımfinalda tam “açılmışdım”. Ancaq burada məni bir az sıxdılar. Yəni, mən italiyalı Klemente Russoya məğlub olmadım, hakimlər qələbəni rəqibə verdilər. 
- Avropa və dünya çempionatlarında da mükafatçı olmusuz. Ancaq Olimpiya Oyunlarında ilk dəfə iştirak etdiniz. Ümumilikdə, təəssüratlarınız necə oldu? 
- Demək olar bu yarışların hamısı eynidir. Ancaq Olimpiadada daha çox iştirakçı mübarizə apardığından təşkilatçılıq daha yüksək olur. 
- Boks yığmamız Londonu 2 bürünc medalla tərk etdi. Komanda yoldaşlarınızın çıxışı barədə nə deyə bilərsiniz? 
- Fikrimcə, normal çıxış etdilər. Hər halda, mənimlə bərabər Məhəmmədrəsul Məcidov da bürünc medal qazandı və nəticədə komandamız Bakıya 2 mükafatla döndü. 
- Necə fikirləşirsiniz, boksçularımızın fiziki durumda hansısa çatışmazlıq var idimi? 
- Yox, problem yox idi. Sadəcə, ilk dəfə Olimpiya Oyunlarına qatılırdım və ola bilsin bir qədər həyəcan hiss olunurdu.
DOSTLARINLA PAYLAŞ: