Təmsilçimiz Teymur Məmmədov qızıl medal arzulayır
24 İyun 2011 Cümə 12:50
Boksçu Teymur Məmmədov AÇ-də final görüşünə hazırlaşır.
Boks üzrə Avropa çempionatının final görüşündə mübarizə aparacaq mili komandamızın üzvü Teymur Məmmədov qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini deyib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, yarımfinalda alman Johan Vitti məğlub edən boksçumuzu finalda təcrübəli Tervel Pulevlə üz-üzə gələcək.

“İndiyədək onunla rinqdə üz-üzə gəlməmişəm. Amma Pulev artıq uzun illərdir ki, dünya boksundadır. Son Avropa çempionatının gümüş mükafatçısıdır. Amma biz də bu yarışa gələrkən, qarşımıza müəyyən məqsədlər qoymuşuq. Yerli azarkeşləri də bizə dəstək olmağa çağırıram. Avropa çempionatının qızıl medalını qazanmaq istəyirəm”, - deyə Teymur Məmmədov bildirib.

18 yaşlı idmançı zərbələrinin o qədər də qüvvətli olmaması ilə bağlı fikirlərə də cavab verib: “Bəlkə də bu kənardan daha aydın görünür. Nəzərə alın ki, mənim çəkim 83 kq-dır. Mən rəqiblərimdən 7-8 kq zəif oluram. Bu isə boksda böyük rəqəmdir. Buna görə də zərbələrim onlar üçün sarsıdıcı olmur. Amma digər keyfiyyətlərimdən istifadə etməyə çalışıram”.

Xatırladaq ki, boks üzrə Avropa çempionatının final görüşləri bu gün Bakı vaxtı ilə saat 16-da başlayacaq və TRT-3 kanalı ilə canlı yayımlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar