Tələbələr arasında Avropa çempionatı start götürür
06 Dekabr 2011 Çərşənbə Axşamı 15:08
Boksçular Rusiyanın paytaxtı Moskva şəhərinə toplaşırlar.
Dekabrın 11-də Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatı start götürəcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Krokus-Siti” sarayında keçiriləcək yarışda milli komandamızın 7 üzvü iştirak edəcək.

Rusiya paytaxtında Kamran Məlikov, Elnur Zeynalov, Salman İbrahimov, Şaban Şahpələngov, Yolçu Zeynalov, Rauf Rəhimov və Fərid Paşayev rinqə çıxacaqlar. Qeyd edək ki, Rauf Rəhimov bu il İrlandiyanın paytaxtı Dublində keçirilmiş gənclər arasında Avropa birinciliyində qızıl medala layiq görülüb. Kamran Məlikov və Şaban Şahpələngov da həmin yarışda iştirak etsələr də, mükafatçılar sırasına düşə bilməyiblər.

Şahpələngov 2010-cu ildə Bakıda təşkil olunmuş gənclər arasında dünya birinciliyinin qalibidir. Turnirdə Ceyhun Abıyev ölkəmizi hakim kimi təmsil edəcək. Avropa çempionatına dekabrın 15-də yekun vurulacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar