Taekvondoçularımız 8 medalla qayıdır
07 Fevral 2011 Bazar Ertəsi 23:45
İdmançılarımız beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb
Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə seçmə komandası İsveçdən 8 medalla qayıdır. Dünya Taekvondo Federasiyası (WTF) və Avropa Taekvondo Birliyinin (ETU) “A” dərəcəli XX “Trelleborq Open” beynəlxalq turnirində iştirak edən idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc mükafat qazanıb. Yarışın bir final görüşü (33 kq) Azərbaycan taekvondoçuları arasında olub.
Azərbaycan Taekvondo Federasiyasından bildirilib ki, qızıl medallara Anar Mehdiyev (33 kq), Babək Əjdərli (37 kq) və Aliyə Zeynalova (29 kq) sahib olub. Tağı Tağızadə (33 kq) ilə Leyla Cəfərova (33 kq) isə gümüş medal qazanıb. Uğurla çıxış edən digər taekvondoçularımız Mahmud Həsənov (41 kq), Nicat Fərəcov (53 kq) və Mirxanım Ağayeva (41 kq) 3-cü yeri tutub.
Qeyd edək ki, ənənəvi turnirdə bu dəfə 41 ölkədən 150 komandanın heyətində 1000-dən artıq idmançı mübarizə aparıb.
DOSTLARINLA PAYLAŞ: