Super Liqanın finalçıları müəyyənləşib
20 Aprel 2010 Çərşənbə Axşamı 22:45
Voleybol turnirinin finalı növbəti həftə keçiriləcək.
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatı Super Liqasının yarımfinal mərhələsinin son oyunu keçirilib. “Rabitə” klubundan sonra "Lokomotiv" də həlledici görüşə vəsiqə qazanıb.

Bakı İdman Sarayında baş tutmuş son yarımfinal matçında “Lokomotiv” “Azərreyl”lə qarşılaşıb. İnamlı oyunun məntiqi nəticəsi olaraq “Lokomotiv” ilk seti 12 xal fərqi ilə, 25-13 hesabı ilə aktivinə yazıb. Adnan Kıstakın yetirmələri ikinci hissədə də rəqibinə ciddi müqavimət göstərə bilməyib. Hücumda daha dəqiq oynamış “Lokomotiv” voleybolçuları ikinci seti də üstün başa vurublar (25-17). Üçüncü hissədə “Azərreyl” toparlanaraq oyunda dönüş yaradıb. Seti 29-27 hesabı ilə irəlidə bitirmiş “Azərreyl” ümidlənib. 4-cü hissədə də qalibi müəyyənləşdirmək mümkün olmayıb. Çünki, “Azərreyl” bu dəfə də qələbə qazanaraq ümumi hesaba tarazlıq gətirib (2-2). Beləliklə finalçının adı tay-brekdə müəyyənləşib. Həlledici hissədə “Lokomotiv”in 15 dəqiq zərbəsinə rəqib yalnız 11 dəfə cavab verə bilib.

Beləliklə ölkə çempionatının finalında “Lokomotiv” və “Rabitə” komandaları üz-üzə gələcək. Bu klublar 3 qələbəyə qədər mübarizə aparacaq. Həlledici qarşılaşmalar 25-29 aprel aralığında Quba Olimpiya İdman Kompleksində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar