Şotlandiya yığmasının sabiq üzvü Azərbaycana gəldi
22 Avqust 2011 Bazar Ertəsi 16:51
"Qəbələ" klubu daha bir transferi rəsmiləşdirib
"Qəbələ" klubu daha bir transferi rəsmiləşdirib. Bölgə klubu şotlandiyalı qapıçı Qrem Smitlə rəsmi anlaşma imzalayıb. "Qəbələ" bu futbolçu ilə bir müddətdir danışıqlar aparırdı. Komandanın London toplanışına qatılan qolkiperin transferi sonradan arxa plana keçmişdi. Lakin Anar Nəzirovun "Turan"a icarəyə verilməsindən sonra transfer yenidən gündəmə gəlib.
Qeyd edək ki, Qrem Smit 1983-cü ilin 8 iyununda Şotlandiyanın Edinburq şəhərində dünyaya gəlib. Bu ilin iyun ayının 8-də 28 yaşını qeyd edəcək qolkiper Şotlandiyanın əsas klublarından olan "Reyncers"in yetirməsidir. 1999-cu ildən bu klubun aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Smit 2003-cü ildə əsas heyətə salınsa da, meydana çıxa bilməyib. Bununla belə o, Şotlandiya Kubokunu qazanıb (2005). 2003-2004 mövsümündə Şotlandiyanın "Ross Kounti" klubuna icarəyə verilən Qrem 20 oyunda forma geyinib. 2005-ci ildə "Mothervell"ə transfer olunan qapıçı 2009-cu ilədək 127 oyunda komandanın şərəfini qoruyub. Smit 2009-2010 mövsümündə İngiltərənin Çempionşip klublarından olan "Brighton & Hove Albion"un şərəfini qoruyub və 6 oyunda meydana çıxıb. Onun son klubu "Hibernian" olub. 2010-2011 mövsümündə bu komandanın heyətində 16 matç keçirən Smit Şotlandiya çempionatını 10-cu pillədə başa vurub.
"Qəbələ"nin maraq dairəsinə düşən futbolçu Şotlandiyanın B yığmasında 1 oyun keçirib. Smit əsas yığmaya da dəvət alıb. O, AVRO-2008-in seçmə mərhələsində Farer adaları ilə keçirilən oyuna dəvət alsa da, meydana çıxmayıb.
DOSTLARINLA PAYLAŞ: