Simurq Rusiya klubu ilə qarşılaşacaq
25 İyun 2013 Çərşənbə Axşamı 21:35
Komandanın ilk rəqibi Nalçikin “Spartak" klubu olacaq.
Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən “Simurq” gündə iki dəfə olmaqla məşqlərə çıxır. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Kartəpədə yerləşən “Green Park” otelində məskunlaşan komanda səhər hazırlığı əsasən topsuz keçir.

Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasına çalışan Georgi Çixradzenin yetirmələri axşam məşqlərini topla davam etdirir. Tam heyətlə qardaş ölkədəki təlim-məşq toplanışına start verən Zaqatala təmsilçisinin düşərgəsinə sabahdan etirbarən baxış üçün dəvət edilmiş legioner futbolçular qoşulacaq. İyunun 30-na qədər bu cür davam edəcək “sarı-qaralar”, daha sonra yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirdəcək. Komandanın ilk rəqibi isə “Spartak - Nalçik” olacaq.

Qeyd edək ki, “Simurq” iyulun 8-də ölkəyə qayıdacaq. Bir neçə günlük istirahətdən sonra isə Zaqatala təmsilçisi hazırlığın üçüncü mərhələsi üçün iyulun 13-də Avstriyaya yola düşəcək. 27-nə qədər burada qalmağı planlaşdıran Georgi Çixradzenin yetirmələri daha dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar