Şəhriyar Məmmədyarov: Şanslarımız yüksəkdir
24 İyun 2011 Cümə 16:18
Şahmatçımız Şəhriyar Məmmədyarov ANS-ə müsahibəsində DÇ-yə hazırlıq barədə danışıb.
Şahmat üzrə Azərbaycan yığma komandası gələn ay Çində keçiriləcək Dünya çempionatında iştirak edəcək. Azərbaycan şahmatının 1 nömrəsi ANS-ə müsahibəsində yığma komandamızın qalib gəlmək şanslarını yüksək qiymətləndirib.

“Milli komandamız tam heyətlə oynadığı üçün şanslarımızı yüksək qiymətləndirirəm. Ancaq rəqiblərimiz də çox güclüdürlər. Mən deyərdim ki, budəfəki yarış tarixin ən güclü dünya çempionatı olacaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - deyə Şəhriyar Məmmədyarov bildirib.

Şahmatçı Dünya çempionatında yığmamızın əsas rəqibləri kimi Rusiya, Ukrayna, ABŞ, İsrail, Çin, Hindistan, Ermənistan kimi komandalarının adını göstərib.

“Biz turnirin başlanğıc siyahısında reytinqə görə ikinciyik. Bu da onu da göstərir ki, Azərbaycan yığması da I yer uğrunda mübarizə aparan komandalardan biridir”, - deyə Şəhriyar Məmmədyarov qeyd edib.

Xatırladaq ki, şahmat üzrə Dünya çempionatı iyulun 15-dən 27-dək Çinin Ninbo şəhərində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar