Şəhriyar Məmmədyarov heç-heçə oynadı
17 Aprel 2009 Cümə 11:15
Şahmatçımız Nalçik şəhərində keçirilən şahmat üzrə FİDE Qran-prisinin 4-cü mərhələsinin 2-ci günündə Peter Leko ilə heç-heçəyə razılaşıb

 

Rusiyanın Nalçik şəhərində keçirilən şahmat üzrə FİDE Qran-prisinin 4-cü mərhələsində 2-ci oyun günü arxada qalıb. Yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov bu turu heç-heçə başa vurub. Qara fiqurlarla oynamış həmyerlimiz macarıstanlı Peter Lekonun müqavimətini qıra bilməyib. Bu görüş digərlərindən tez başa çatıb. Tərəflər 24-cü gedişdə heç-heçəyə razılaşıblar.

Digər nəticələrə gəlincə, 2-ci turda yalnız 2 oyunda qalib müəyyənləşib. Rusiyalı şahmatçı Petr Svidler Ukrayna təmsilçisi Vasili İvançukdan 1 xal qopara bilib. Günün erməni qarşıdurmasından isə Levon Aronyan qalib ayrılıb. O, həmyerlisi Akopyandan üstün olub. Elyanov-Qrişuk, Kamski-Bakro, Qasımcanov-Karyakin, Qelfand-Alekseyev qarşılaşması isə sülhlə nəticələnib. Beləliklə, 2 turdan sonra Aronyan maksimum nəticə ilə vahid liderdir. Aleksandr Qrişuk və Petr Svidler yarım xallıq geriləmə ilə 2-3-cü yerləri bölüşdürür. Aktivində yarım xalı olan Şəhriyar isə 12-ci pillədə qərarlaşıb. Bu gün Nalçik Qran-prisində 3-cü turun görüşləri keçiriləcək. Şahmatçımız Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Qata Kamski ilə ağ-qara lövhədə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Nalçik Qran-prisində 14 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır. 13 turdan ibarət yarışa aprel ayının 30-da yekun vurulacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar