Samuel Eto'O “Anji” ilə müqavilə imzaladı
25 Avqust 2011 Cümə Axşamı 00:49
Kamerunlu hücumçu üç il Mahaçqala klubunun şərəfini qoruyacaq
Kamerunlu hücumçu Samuel Eto'O Rusiyanın “Anji” klubu ilə üç illik müqavilə imzalayıb. Bu barədə məlumat klubun internet saytında yerləşdirilib.

Rusiyanın “Anji” və “İnter” klubları 30 yaşlı futbolçunun transferi ilə bağlı razılığa bir gün əvvəl gəlmişdilər. Transferin dəyəri 21 milyon avrodur. Məlumata görə, Eto'Onun Rusiya klubundakı illik maaşı 20,5 milyon avro olacaq.

Samuel Eto'O “Anji”nin heyətində avqustun 27-də Rostovda debüt edə bilər. “Yaxın vaxtlarda yeni futbolçumuzun Rusiya Premyer Liqasında 99-cu nömrə ilə iştirakı ilə bağlı müraciət edəcəyik. Sabah (bu gün) hücumçu Moskvaya gedəcək və “Rostov”la 22-ci tur oyununun hazırlıqlarına başlayacaq”, - “Anji”nin məlumatında deyilir.

Samuel Eto'O peşəkar futbolçu karyerasına 1997-ci ildə Madrid “Real”ının ehtiyat heyətində başlayıb. Klubun əsas heyətinə də düşməyi bacaran futbolçu 1999-cu ildə “Malyorka”ya keçib. Beş il sonra hücumçunu “Barselona” transfer edib. O, kataloniyalılarla üç dəfə İspaniya çempionu olub, iki dəfə Çempionlar Liqasında qalib gəlib, İspaniya Kuboku və Superkubokunu qazanıb.

“Barselona”nın ən yaxşı bombardirləri arasında dördüncü olan samuel Eto'O 2009-cu ildə Zlatan İbrahimoviçin “İnter”dən transferi sövdələşməsinin bir hissəsi olub. O, elə ilk mövsümdəcə “İnter”lə Çempionlar Linqasının qalibi olub, Joze Mourinyunun komandası ilə İtaliya çempionluğunu və Kubokunu qazanıb.

Samuel Eto'O Kamerun millisinin heyətində keçirdiyi 106 oyunda 52 qol vurub. O, dörd dəfə Afrikanın ən yaxşı futbolçusu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar