Samir Zərgərov Berti Foqtsdan dəvət gözləyir
27 Oktyabr 2010 Çərşənbə 10:40
Samir Zərgərov yığmaya çağırılacağına ümid edir.
Unibank Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilmiş "Gəncə" klubunun futbolçusu Samir Zərgərov tədbirin rəsmi hissəsindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- Mənə səs verənlərin hər birinə təşəkkür edirəm. Futbolçu olmaq çox çətin bir peşədir, bunu ancaq futbol oynayan bilir. Azərbaycan futbolu və öz komandam üçün əlimdən gələni əsirgəmərəm. Azərbaycan futbolunu Avropada böyük yerlərdə görmək istəyirəm.
- Ən yaxşı oyunçu seçilməyin sənin üçün gözlənilməz olmadı ki?
- Futbolçu elə bir peşədir ki, yaxşı çıxış edəndə nailiyyət də əldə edirsən. Açığı, sentyabr ayının ən yaxşı oyunçusu seçilməyim mənim üçün gözlənilməz oldu. Unibank Premyer Liqasında çıxış edən tanınmış futbolçular içərisində ən yaxşı olmaq mənim üçün fəxrdir. Mənə səs verdiyinizə görə bir daha sizə öz təşəkkürümü bildirirəm.
- Milli komandadan dəvət gözləyirsənmi?
- Milli komandada oynamaq hər bir Azərbaycanlı futbolçu üçün, o cümlədən mənim üçün fəxrdir. Əgər dəvət etsələr, əlimdən gələni milli komandamız üçün edərəm.
- "Gəncə"nin qeyri-stabil çıxış etməsinin səbəbi nədir?
- Deməzdim ki, "Gəncə" klubu qeyri-stabil çıxış edir. Sadəcə olaraq, "Neftçi" ilə oyunumuzda komandamızda Ramal Hüseynov oynamırdı. Üstəlik, Mətləb Məmmədovun da qırmızı vərəqə alması oyunumuza təsir etdi. On nəfərlə də mübarizə apardıq, amma çox təəssüf ki, böyük hesabla məğlub olduq. Bu, futboldur, futbolda hər şey olur. Ruhdan düşməməliyik, "Neftçi" ilə bizim qarşıda oyunlarımız var, özünüz görəcəksiniz necə çıxış edəcəyik.
- Bundan öncə, "Qəbələ" və "Standard" klublarında diqqət çəkmirdin. İndi ən yaxşı seçilməyinlə əvvəlki məşqçilərinə cavab vermirsənki?
- Xeyr, heç bir məşqçiyə nəyisə sübüt etmək istəmirəm. "Gəncə"dən öncə "Standard" və "Qəbələ" klublarında çıxış etmişəm. Ən çox "Qəbələ"də oynamışam. Əvvəlki məşqçilərimə də minnətdarlığımı bildirirəm. Futbolçu özünə klub seçəndə gərək elə klub seçsin ki, orada daha yaxşı çıxış etsin, daim heyətdə oynasın. Mənə mövsümün əvvəlində başqa klublardan da təklif var idi, amma mən "Gəncə"ni seçdim və sevinirəm ki, düz seçim eləmişəm, yanılmamışam.
- Bu gün əlində mikrofon, əynində kostyum jurnalistlər qarşısında bir qədər utancaq görsənirsən. Xasiyyətin belədir, yoxsa ilk dəfə olduğuna görədir?
- Mən utancaq deyiləm. Sadəcə olaraq, bir az həyəcanlıyam. Məncə, məndən öncə burada dayanan futbolçularda da müəyyən mənada həyəcan olub.
- Səncə, yığma komanda səviyyəsində oyun göstərirsən, yoxsa daha yaxşı çıxış edə bilərsən? "Gəncə"nin ilk altılığa düşmək şansları nə dərəcədə realdır?
- 7-8 komanda var ki, onlar ilk altılığa düşmək istəyirlər. Bu komandaların içərisində "Gəncə" də var. Mən inanıram ki, biz ilk altılığa düşəcəyik, bu realdır. İlk altılığa düşmək mənim üçün və komanda yoldaşlarım üçün önəmlidir. Çünki, ilk altılıqda oynamaqla biz milli komandaya çağırılmaq və orada uğurlu çıxış etmək şansımızı artırmış olarıq. İlk altılıqda gərgin oyunlar keçir, bizi irəlidə hələ çox gərgin və maraqlı oyunlar gözləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: