Bu gün Bakı idman sarayında sambo üzrə sayca 50-ci Azərbaycan çempionatı start götürəcək. Sambonun ölkəmizdə yaranmasının 50 illiyinə həsr olunmuş və 2 gün davam edəcək yarışda 200-dən artıq samboçu 9 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mübariz İbrahimov, kimliyindən asılı olmayaraq Azərbaycan çempionatında iştirak etməyən idmançının Avropa miqyaslı yarışlara buraxılmayacağını deyib. Bu isə o deməkdir ki, dünya və Avropa çempionatının qalib və mükafatçılarından İslam Qasımov, Zaur Paşayev, Araz Muxtarov, Anar Əliyev kimi samboçular əvvəlcə ölkə daxili yarışda özlərini sübut etməlidirlər.
Qeyd edək ki, budəfəki Azərbaycan çempionatında respublikanın şəhər və rayonlarını təmsil edən 40-dan yuxarı idman cəmiyyətinin yetirmələri baş mükafat uğrunda mübarizə aparacaq. Döyüşlər 9 çəki dərəcəsində aparılacaq. Çempionatın ilk günündə bütün çəkilərdə yarımfinalçıların adlarına aydınlıq gələcək. Azərbaycan çempionatının qalibləri, martın 6-da keçiriləcək final görüşlərindən sonra məlum olacaq. Yarışın yekunlarına görə yığma komandanın heyəti formalaşacaq./ANS TV/