Sambo üzrə 50-ci Azərbaycan Çempionatı başlayıb
05 Mart 2009 Cümə Axşamı 18:15
Çempionatda 250 idmançı 9 çəki dərəcəsi üzrə mübarizə aparır

 

Bu gün Bakı İdman Sarayında sambo idmanının Azərbaycanda yaranmasının 50 illiyinə həsr olunmuş adı sambo üzrə Azərbaycan Çempionatı start götürüb. Yarışın açılış mərasimi saat 17.00-a nəzərdə tutulsa da, döyüşlər səhər saat 10.00-dan etibarən başlayıb.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Azad Rəhimov Azərbaycan Çempionatının açılış mərasiminin məhz bu gün keçirilməsinin təsadüfi olmadığını bildirib və qeyd edib ki, çempionatın idman günündə keçirilməsi daha əlamətdardır.
Nazir bütün idmançılara uğurlar arzulayıb. Açılış mərasimində bir neçə sambo veteranı Azərbaycan sambosunun inkişafında göstərdiyi xidmətlərə görə mükafatlarla təltif olunub. Sonra açılış mərasimində çıxış edən Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Azad Rəhimova, Çingiz Hüseynova və Bakı Şəhər Baş Gənclər İdman İdarəsinin rəisi Raqif Abbasova gənclər günü ilə bağlı kubok təqdim edib.
Sambo üzrə budəfəki ölkə çempionatında respublikanın şəhər və rayonlarını təmsil edən 40-dan artıq idman cəmiyyətinin 250 yetirməsi 9 çəki dərəcəsi üzrə mübarizə aparır. İlk yarış günündə yarımfinalçıların adları bəlli olacaq. Sabaş baş tutacaq final döyüşlərindən sonra isə Azərbaycan Çempionatına yekun vurulacaq.
Qeyd edək ki, ölkədaxili yarışın yekununa əsasən yığma komandanın heyəti formalaşacaq. Qarşıda isə samboçularımızı daha çətin tapşırıqlar gözləyir. Aprel ayının 8-12 aralığında yeniyetmə və gənc samboçularımız Litvanın Şaulyay şəhərində Avropa birinciliyində ölkəmizin şərəfini qoruyacaqlar. Aprelin 23-25 aralığında idmançılarımız Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunacaq Anatoli Xarlampiyevin xatirə turnirində xalça üzərinə çıxacaqlar. Mayın 12-17-si arası isə Azərbaycan samboçularu İtaliyanın Milan şəhərində keçiriləcək Avropa Çempionatına qatılacaqlar.

Elvin Rəsul /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar