Şahmat üzrə şəxsi Avropa çempionatına yekun vurulub
03 Aprel 2011 Bazar 13:03
Çempionatın sonuncu turunda 2 şahmatçımız qələbəyə sevinib.
Şahmat üzrə şəxsi Avropa çempionatının sonuncu turunda 2 şahmatçımız qələbəyə sevinib. Namiq Quliyev polşalı həmkarı Mateuş Barteli məğlub edib. Vasif Durarbəyli isə bosniyalı şahmatçı Denis Kadriçə eyni aqibəti yaşadıb.
Qitə birinciliyini məğlubiyyət acısı dadmamış başa vurmuş Rauf Məmmədov ispan Fransisko Valyexo ilə xal bölgüsünə razılaşıb. Bundan başqa, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Məmmədov da turu yarım xalla başa vurublar.
Yarışda ölkəmizi təmsil edən digər 2 şahmatçımız Rüfət Bağırov və Kənan İzzət isə şahının toxunulmazlığını təmin edə bilməyib. Nəticədə yarışın yekunlarına əsasən şahmatçılarımızdan ən yüksək göstəriciyə Rauf Məmmədov imza atıb. Rauf aktivindəki 8 xalla Avropa çempionatını 9-cu pillədə başa vurub. Məmmədovdan 1 xal az hasil etmiş Namiq Quliyev isə 19-cu pillə ilə kifayətilənib. Hər 2 təmsilçimiz mükafatçılar sırasına düşə bilməsələr də, bu il keçiriləcək dünya kubokuna vəsiqə qazanmağa nail olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: