Şahin Diniyev İran klubunu çalışdıracaq
04 İyul 2011 Bazar Ertəsi 15:18
Futbol mütəxəssisi Şahin Diniyev “Rah Ahan”la 1 illik müqaviləyə imza atacaq.
Azərbaycanlı futbol mütəxəssisi Şahin Diniyev İranın “Rah Ahan” klubunu çalışdıracaq. Ş.Diniyevin ANS PRESS-ə verdiyi məlumata görə, onunla klub arasında müqavilə iyulun 8-də imzalanacaq. Şahin Diniyev iyulun 7-də İrana yola düşərək ertəsi gün bir illik müqaviləyə imza atacağını bildirib. Baş məşqçinin sözlərinə görə, klub rəhbərliyi ondan son İran çempionatında 15-ci yeri tutan “Rah Ahan”ı ilk “onluğ”a çıxarmasını istəyib.

“Kluba 15 gün olar ki, yeni prezident təyin olunub. Onlar güclü kollektiv quraraq lidelərlərlə başa-baş mübarizə aparmaq əzmindədirlər. Belə bir şəraitdə hər bir futbol mütəxəssisi işləmək arzusunda olar”, - deyə Şahin Diniyev bildirib. Futbol mütəxəssisi gələcəkdə komandaya azərbaycanlı futbolçuların da cəlb olunacağını istisna etməyib.

Xatırladaq ki, daha bir azərbaycanlı futbol məşqçisi Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubuna təyinat almışdı. Ancaq komandası uğursuz çıxış edən Ramiz Məmmədov köməkçiləri ilə birlikdə istefa vermişdi. Ümid edirik ki, Ramiz Məmmədovun acı təcrübəsini Şahin Diniyev təkrarlamayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar