Sabah Premyer Liqanın ikinci turuna start veriləcək
13 Avqust 2010 Cümə 22:20
İkinci turun “Qarabağ”-“Gəncə” görüşü təxirə salınıb.
Futbol üzrə Unibank Premyer Liqasında ikinci tura sabah start veriləcək. İlk oyun günü təşkil olunacaq yeganə qarşılaşma Şəfa stadionunda keçiriləcək.
Bu arenada paytaxtın “Azal” klubu Tovuz təmsilçisi “Turan”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq görüşü Əfqan Həmzəyev idarə edəcək. Turun digər oyunları isə bazar gününə təsadüf edəcək.
“Qəbələ” doğma divarlar arasında “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Referi Anar Salmanovun idarə edəcəyi oyun saat 17:00-da başlayacaq. İlk turda gözlənilmədən məğlub olmuş “Bakı”, bu dəfə səfərdə “Muğan” kollektivi ilə oynayacaq. Salyan Olimpiya idman kompleksinin stadionunda təşkil olunacaq matça hakim kimi Elnur Muradov təyinat alıb. Saat 20:00-da start götürəcək “İnter” - MOİK görüşüni idarə etmək Rauf Cabbarova həvalə edilib. Sözü gedən qarşılaşmaya Şəfa arenası ev sahibliyi edəcək. Zaqatala şəhər stalionunda “Simurq” “Xəzər Lənkəran”ın müqavimətini qırmağa çalışacaq. Baş hakim Rəhim Həsənovun fit səsləndirəcəyi oyunda topa ilk zərbə saat 18:00-da vurulacaq.
İkinci tur çərçivəsində baş tutmalı olan “Qarabağ”-“Gəncə” görüşü isə təxirə salınıb. Buna səbəb Ağdam təmsilçisinin Avroliqanın pley-off mərhələsində “Borussiya” (Dortmund) ilə keçirəcəyi səfər matçına hazırlaşmasıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: