Sabah keçiriləcək iki oyunla XIX dünya çempionatına start verilir. Apasport.az saytının məlumatına görə, son mundialların ənənəsinə uyğun olaraq açılış matçında təşkilatçı ölkənin milli komandası meydana çıxacaq.
Özbək hakim Rövşən İrmatovun start fiti ilə başlayacaq ilk oyunda CAR yığması oynadığı A qrupunun favoritlərindən sayılan Meksika ilə görüşəcək. Bu, komandalar arasında baş tutacaq 4-cü matç olacaq. İlk iki qarşılaşmada afrikalıları 4 qola qonaq edən “atsteklər” 1993-cü ildə 4:0, 7 il sonra isə 4:2 hesabı ilə qalib gəlmişdi. Dörd il əvvəl “Gold Cup”da keçirilən son dueldə isə cənublular 2:1 hesabına sevindilər.
Açılışı matçının iştirakçılarının baş məşqçiləri də əvvəllər üz-üzə gəliblər. Məşhur braziliyalı Karlos Alberto Parreyra hələ Birləşmiş Ərəb Əmirlikləri yığmasını çalışdırarkən, meksikalı həmkarı ilə görüşüb. “Atsteklər”in indiki çalışdırıcısı Xavyer Aqirre ərəblərlə 25 il əvvəlki yoldaşlıq oyununda (2:2) meydana futbolçu kimi çıxmışdı.
CAR və Meksika milliləri mundiala yüksək əhval-ruhiyyədə başlayacaq. Afrikalılar son 3 hazırlıq matçında qələbələri sıralayıb. O qədər də güclü olmayan Kolumbiya (2:1) və Qvatemala (5:0) ilə yanaşı, Danimarka da arxası üstə qoyuldu – 1:0. Meksikalılar isə 15 gün əvvəl Hollandiyaya uduzsa da (1:2), dünya çempionları İtaliya ilə oyunda (2:1) günahlarını yuya bildi. Bu iki qarşılaşma arasında isə Qambiya darmadağın olundu - 5:0.
Titullarına görə qrupun digər iki komandasını arxada qoyan Uruqvay və Fransa isə artıq 6-cı dəfə üz-üzə gələcək. Əvvəlki 5 görüşdə rəqiblər elə dünya çempionu adını qazandıqları qədər qələbəyə sevinib. Yəni 2 dəfə cənubi amerikalılar, 1 dəfə avropalılar zəfər çalıb. 1924-cü ildə Uruqvay yığması rəqibinin daşını daş üstdə qoymayıb – 5:1. 42 il sonra mundialın final mərhələsində də uduzun tərəf fransızlar olub – 1:2. CAR-dakı dueldən 44 il öncə baş tutan həmin matç Uruqvayın Fransa üzərində son qələbəsidir. 25 il əvvəl yoxlama oyununda qalib gələn (2:0) avropalılar 1966-cı ildən sonra rəqibindən qol da buraxmır. Belə ki, 2002-ci il dünya çempionatının final mərhələsində və iki il əvvəlki yoldaşlıq oyununda komandaların heç biri qol vura bilməyib. Sen-Deni şəhərində baş tutan son matç həm də Raymond Domeneklə Oskar Tabaresin ilk və yeganə qarşılaşması olub.
Keyptaunda üz-üzə gələn rəqiblər start oyununa fərqli durumda çıxacaqlar. Bu il vur-tut 2 sınaq matçı keçirən cənubi amerikalılar o qədər də zəif olmayan rəqiblərlə matçlarda gücünü göstərib. Onlar İsveçrə (3:1) və İsraillə (4:1) qarşılaşmalarda 7 qola sevinib. Domenekin komandası isə son 16 gündə 3 dəfə meydana çıxsa da, azarkeşlərini ümidləndirən nəticələrə imza atmayıb. Kosta-Rikanı çətinliklə məğlub edən (2:1) fransızlar ardıcıl 2 oyundur qələbəyə həsrətdir. Özü də onlar Tunis (1:1) və Çinlə (0:1) bacarmayıblar.
I tur
11 iyun
A qrupu
19:00. CAR – Meksika
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Yohannesburq. Sokker Siti stadionu
23:30. Uruqvay – Fransa
Baş hakim: Yuiçi Nişimura (Yaponiya)
Keyptaun. Qrin Point stadionu
ANSPRESS