Sabah boks üzrə Dünya birinciliyi start götürəcək
24 Aprel 2010 Şənbə 23:20
Boks üzrə Dünya birinciliyini izləmək istəyən azarkeşlər üçün kompleksə giriş pulsuz olacaq.
Sabah Bakıda boks üzrə gənclər arasında Dünya birinciliyinə start veriləcək. Yarışa ev sahibliyi edəcək Sərhədçi Olimpiya İdman Kompleksi də tam hazır vəziyyətə gətirilib.
Boks üzrə Dünya birinciliyinin təşkil olunacağı Sərhədçi Olimpiya İdman Kompleksində açılış üçün nəzərdə tutulmuş dekorasiyanın bir hissəsi artıq quraşdırılıb. Zalın divarlarında isə Azərbaycanın tarixi və müasir məkanlarını əks etdirən şəkillər asılıb. İştirakçı ölkələrin bayraqları da öz yerində. Döyüşlər eyni anda iki rinqdə olacaq. Erməni idmançılarının da qüvvəsini sınayacağı yarışda təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyevin sözlərinə görə, yayrışın təhlükəsizliyini həm hüquqmühafizə orqanlarının əməkdaşları, həm də idmançılar təmin edəcəklər.
İdmançılar kimi azarkeşlərə də maksimum şərait yaradılıb. Azarkeşlər döyüşləri kompleksin həyətində quraşdırılmış nəhəng monitorda da izləyə biləcəklər.
Qeyd edək ki, Bakıda keçiriləcək Dünya birinciliyində ümumilikdə 95 ölkədən gəlmiş 450-yə yaxın boksçusu mübarizə aparacaq. Döyüşlər sabah səhərdən başlayacaq.
Çempionatın rəsmi açılış mərasimi sabah saat 18:00-da keçiriləcək. Yarışı izləmək istəyən azarkeşlər üçün kompleksə giriş pulsuz olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: