Rüstem İmanzade Avropa çempionu olub
05 Sentyabr 2013 Cümə Axşamı 04:08
15 yaşlı Rüstem İmanzade 233 kq ağırlıq qaldıraraq Avropa çempionu olub.
Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi bizim üçün uğurla davam edir. Ağır Atlekika Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, qızlarımızdan Məhərrəmova Mərziyyənin (48 kq) bürünc medalından sonra, aktivimizə qızıl medal da yazılıb. Yaşı 15-ə qədər olan oğlanların yarışında İmanzadə Rüstəm fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Lənkəranlı gənc atletimiz artıq birdən qaldırma hərəkətində nümayiş etdirdiyi əla çıxışla gücünü hamıya göstərə bilib. "Zirvə" klubun yetirməsi olan İmanzadə, ilk yanaşmasında 95 kq sifariş verərək onu rahatlıqla qaldırıb. Bu isə bu hərəkətdə qızıl medal qazanmaq üçün yetərli olub. Çünki rəqibləri Rüstəmə qədər öz çıxışlarını başa vurmuşdular. İmanzadə uğurunu daha da möhkəmləndirmək üçün ikinci yanaşmada 103 kq sifariş verib və onu da qaldırıb. Sonuncu cəhdində 108 kq-lıq ştanq atletimizə ram olmayıb.
Təkanla qaldırma hərəkətində yalnız birdən qaldırmada yaranan üstünlüyü qorumaq qalıb. Ancaq Rüstəm bununla kifayətlənməyib. O, əvvəlcə birinci yanaşmada 120 kq-ı ram edərək çempionluğunu rəsmiləşdirib. Daha sonra 126 kq sifariş verən atletimiz, onu da məharərtlə qaldırıb. Üçüncü yanaşmada isə Rüstəm 130 kq-ı da qaldıraraq möhtəşəm nəticə göstərib.
Toplamda 233 kq (103 kq + 130 kq) nəticə nümayiş etdirən İmanzadə Rüstəm, ən yaxın izləyicisini 26 kq (!) qabaqlayaraq 62 kq çəki dərəcəsində Avropa çempionu olub.
Qeyd edək ki, cəmi 15 yaşı olan Rüstəm İmanzadə qısa müddətdə Azərbaycan Kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Gənc atlet bu titullar Avropa çempionluğunu da əlavə etdi.
DOSTLARINLA PAYLAŞ: