Rusiya erməni şahmatçısına görə niyə əl-ayağa düşüb?
22 İyul 2010 Cümə Axşamı 22:25
Dmitri Medvedevin köməkçisi FİDE-yə məktub ünvanlayıb.
Rusiya Şahmat Federasiyası erməni şahmatçısı Levon Aronyana görə əl-ayağa düşüb. Ruslar Dünya Tacına iddialıların gələn il Bakıda keçirilməsi planlaşdırılan turnirinin, Azərbaycanda deyil, Rusiyada təşkil olunmasını istəyirlər. Bəhanələri isə qəribədir. “Aronyan Bakıya gedə bilməyəcək”.

Rusiya Şahmat Federasiyası gələn il keçirilməli olan turnirin Bakıdan alınaraq, Kazana verilməsi üçün Beynəlxalq şahmat federasiyası FİDE-yə də müraciət edib. Komersant qəzetinin yaydığı xəbəri görə, Rusiyanın Şahmat Federasiyasının Müşahidə Şurasının sədri, həm də Rusiya prezidenti Dmitri Medvedevin köməkçisi olan Arkadi Dvorkoviç bu məqsədlə FİDE-yə məktub ünvanlayıb.

Dvorkoviç həmin məktubda turnirin Kazan şəhərində keçiləcəyi təqdirdə mükafat fondunun artırılaraq 420 min avroya çatdırılacağını da bildirib. Rusiya tərəfi bunu iddialılar turnirində erməni şahmatçı Levon Aronyanın iştirakı ilə əlaqələndirib. Arkadi Dvarkoviç dünya reytinqində 5-ci olan Aronyanın bütün hallarda Bakıda keçiriləcək turnirdə iştirak etməyəcəyini söylədiyini də məktubunda xatırladıb.

Müşahidə Şurası sədrinin müavini Andrey Selivanov yarışın Kazan şəhərinə veriləcəyi təqdirdə bütün şahmatçıların rahatlıqla çıxış edəcəyini əlavə edib. Rusiya şahmat Federasiyasının FİDE-dən istədiyi təkcə bu deyil. Onlar həm də qadınlar arasında yarışın keçirilmə qaydalarında dəyişikliyin olunmasını da arzulayırlar. Komersant qəzeti yazır ki, bəziləri üçün Dvorkoviçin bu məktubu sürpriz olub. Maraqlıdır ki, Rusiya Şahmat Federasiyasının rəsmi internet səhifəsində bu müraciət haqda heç nə yoxdur. FİDE-dən isə bildiriblər ki, Prezidentlər Şurasının iclasında Rusiya tərəfinin müraciətinə baxacaqlar. Amma, Beynəlxalq Şahmat Federasiyası məktuba rəsmi cavab verməkdən hələlik imtina edir.

Komersant qəzeti Federasiyadakı qeyri-rəsmi mənbənin Rusiya Şahmat Federasiyasının Aronyana görə, canfəşanlığını qəribə qəbul etdiyini söyləyib. Çünki, FİDE onsuz da Aronyanın iştirakı ilə keçiriləcək oyunların başqa şəhərdə təşkil olunması məsələsinə baxır. Həmin mənbə onu da deyib ki, Bakını bu turnirin keçirilməsindən məhrum etmək Azərbaycanda surətlə inkişaf edən şahmata böyük zərbə olar.

Azərbaycan tərəfi isə rahatdır. Azərbaycan Şahmat Federasiyasının vitse prezidenti Mahir Məmmədovun sözlərinə görə, FİDE ilə ölkəmiz arasında bu turnirin keçirilməsi haqda rəsmi müqavilə var və bu müqaviləyə əməl olunmalıdır.

“Bizim FİDE ilə rəsmi müqaviləmiz var və bu müqaviləyə uyğun olaraq biz öz üzərimizə düşən öhdəlikləri yerinə yetirmişik. Hətta müqavilədə qeyd olunub ki, əgər Aronyan Bakıda oynamaq istəməsə və 2 yerə bölünmək ehtiyacı olsa, 2-ci yer heç vaxt İrəvan ola bilməz. Bizim hüqüqlarımız bu müqavilə ilə müdafiə olunur”,-deyə federasiya rəsmisi bildirib

Mahir Məmmədov onu da bildirib ki, yəqin ki, FİDE-nin Prezidentlər Şurasının iclasında bu məsələyə baxılacaq və qərar çıxarılacaq.

Mükafat fondunun artırılması məsələsinə gəlincə, Mahir Məmmədov bildirib ki, bu məbləğin artırılması ilə bağlı FİDE ilə olan müqavilədə və yarışların təşkil olunması ilə bağlı rəsmi dərc olunmuş qaydalarda elə bir göstəriş yoxdu. “Yarışın Bakıda keçirilməsinə qərar verilən zaman baş qa bir iddiaçı şəhər və ölkə yox idi. Mükafat fondunun artırılması ilə bağlı qərar qəbul olunmasına da ehtiyac yox idi, Çünki bu məsələdə rəqabət də yox idi. İndi bu üsulla bizim əlimizdən iddiaçılar matçını almaq məncə FİDE-nin qaydalarına ziddir. Həmin vaxtdan xeyli zaman ötüb və düşünürəm ki, bu məsələnin qaldırılması doğru deyil”,-deyə federasiya rəsmisi bildirib.

O ki, qaldı Aronyanın Bakıya gəlib-gəlməməsinə, Azərbaycan tərəfi erməni şahmatçının təhlükəsizliyinə və ona hər cür şəraitin yaradılacağına zəmanət verib. Aronyan Bakıya gəlmək istəmədiyindən indi FİDE onun matçlarını keçirmək üçün şəhər axtarır. Mahir Məmmədovun fikrincə, Aronyana görə canfəşanlıq qarşı tərəfin hikkəsindən irəli gəlir. Onun fikrincə, bu ermənilərin Azərbaycanın FİDE-nin şahmat hərəkatında önəmli yer tutmasına mane olmaq istəyindən başqa bir şey deyil.

Qeyd edək ki, FİDE-nin təqviminə görə, Dünya Tacına iddialıların turniri 2011-ci ilin yazında Bakıda keçirilməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar