Rus iş adamı dünyanın tanınmış klublarından birini aldı
24 Dekabr 2011 Şənbə 17:04
Dmitri Rıbolovlev yaxın dörd il ərzində kluba azı 100 milyon avro sərmayə qoyacaq.
Rusiyalı iş adamı Dmitri Rıbolovlevin nəzarətində olan “Monaco Sport Invest” (MSİ) şirkəti “Monako” futbol klubunun səhmlərinin 66,67 faizini alıb. ANS PRESS xəbər verir ki, məlumatı “Frans Press” agentliyi yayıb.
Əldə olunan razılaşmaya görə, MSİ yaxın dörd il ərzində kluba 100 milyon avrodan az olmamaq şərtilə sərmayə qoymalıdır. Bildirilir ki, bu məbləğ ehtiyac olduğu təqdirdə artırıla bilər.
Dmitri Rıbolovlev klubun Direktorlar Şurasına başçılıq edəcək. Onunla yanaşı, şuraya MSİ-nin daha beş nümayəndəsi, eləcə də, Monako hökuməti ilə bağlı olan və klubun qalan 33,3 faizinə nəzarət edən şirkətdən üç nəfər daxil olacaq.
Fransa futbol liqalarında çıxış edən “Monako” klubu yeddiqat Fransa çempionu və bu ölkə Kubokunun beşqat qalibidir. Komanda 2011/2012-ci il mövsümündə Fransa çempionatının ikinci divizionunda çıxış edir və hazırda turnir cədvəlində sonuncu yeri tutur.
Dmitri Rıbolovlev Rusiyanın ən varlı adamlarından biridir. 2011-ci ildə “Forbes” jurnalı onun sərvətini 9,5 milyard dollar dəyərində qiymətləndirib və dünyanın ən varlı adamlarının reytinqində 96-cı yerə layiq görüb.
DOSTLARINLA PAYLAŞ: