“Rubin” rəsmiləri Bakıya gəlir
19 Noyabr 2010 Cümə 16:50
Rusiyalı futbol funksionerləri Bahodir Nasimovun transferini müzakirə edəcəklər
Dekabrın birinci onbeşgünlüyündə Rusiyanın “Rubin” klubunun rəhbərliyinin Bakıya səfəri gözlənilir. Bu haqda “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd icarə qaydasında “flaqman”da çıxış edən “Rubin”in hücumçusu Bahodir Nəsimovun transfer məsələsini həll etməkdir: “Bahodirın icarə müddəti gələn ilin mayında başa çatır. Lakin biz bu futbolçunun “Neftçi”də qalmasında maraqlıyıq. Səfər zamanı bu məsələlər müzakirə olunacaq. İnanıram ki, danışıqlar zamanı müsbət nəticə əldə edə biləcəyik”.

Bundan başqa, “Rubin” və “Neftçi” rəsmilərinin görüşlərində iki klub arasında əməkdaşlıq məsələsinin müzakirəsi də nəzərdə tutulub. Danışıqlarda “Neftçi”nin iki gənc futbolçusu Amit Quluzadə və Tərlan Quliyevin yanvar ayında “Rubin”in düşərgəsində məşq keçməsi məsələsi də müzakirə ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar