Rövnəq Abdullayev: "Bir vaxtlar milli komandaya görə utanırdıq"
27 Aprel 2010 Çərşənbə Axşamı 21:15
AFFA prezidenti Rövnəq Abdullayev bütün şirkət və bankları futbola dəstək verməyə çağırıb.
“Bu gün Azərbaycan futbolunda əlamətdar gündür. Bank sahəsində liderlərdən biri olan “Access Bank” da ölkə futbolunun inkişafına töhfə vermək istəyir”. Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev AFFA ilə "Access Bank" arasında əməkdaşlıq və sponsorluq haqda müqavilənin imzalanması mərasimində deyib.
Mərasimdə çıxış edən Abdullayev son vaxtlar ölkə futbolundakı uğurlardan danışıb. “Dövlət başçısı İlham Əliyevin imzaladığı futbolun inkişafına dair Dövlət Proqramını həyata keçiririk. Artıq müəyyən nəticələr də var. İnanırıq ki, daha böyük uğurlar da olacaq. FİFA bu işləri görür və bunun nəticəsidir ki, ali futbol qurumu 2012-ci ildə 16 yaşadək qızlar arasında Dünya çempionatının final mərhələsinin keçirilməsini Azərbaycana tapşırıb. Hərçənd, qadın futbolu ölkəmizdə yeni inkişaf etdirilməyə başlayıb”,-dəyə AFFA prezidenti bildirib.
Rövnəq Abdullayev futzal üzrə yığma komandanın və “Araz” klubunun da uğurlarından danışıb. “Milli komandamız həm seçmə mərhələ, həm də yoldaşlıq oyunlarında uğurlar qazanır. Bir vaxtlar biz milli komandaya görə utanırdıq. İndi isə fəxr edirik. Bütün şirkət və bankları futbola dəstək vermək üçün əməkdaşlığa çağırıram”,-deyə AFFA prezidenti söyləyib.
Qeyd edək ki, müqavilə imzalandıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri veriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: