Rövnəq Abdullayev: “Berti Foqts belə söz versəydi, onunla müqaviləni dərhal pozardım”
14 Dekabr 2009 Bazar Ertəsi 14:35
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev brifinq keçirib.
Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri Unibank Premyer Liqasının XIII turunda keçirilmiş şübhəli “Turan” - “Neftçi” matçından, eləcə də yığmamızın baş məşqçisi Berti Foqtsla müqavilənin uzadılmasından danışıb.
- Tovuzda “Turan”ın “Neftçi”yə 2:3 hesabı ilə uduzması böyük qalmaqala səbəb oldu. Bu məsələyə münasibətiniz necədir?
- Mən AFFA prezidenti seçildikdən sonra əsas meyarımız ədalətli futbol olub. Ədalətli çempionat keçirmək üçün əlimizdən gələni əsirgəmirik. Buna görə çoxlu insanlar cəzalandırıldı, təmizlik işi aparıldı. Hakimlərlə bağlı böyük işlər görüldü, onlara treninq-məşğələlər keçirildi. Bəlkə dünyada heç bir assosiasiya hakimliyin səviyyəsinin artması məqsədilə belə işlər görmür. Hakimlərimiz hər 6 aydan bir xaricdə təlim-məşq toplanışında olurlar. Artıq ədalətli futbol yolunda hakimlərimizin səhvləri, problemləri yoxdur. Başqa ölkələrin çempionatlarında hakimlər nöqsanlara yol verirlər. Bizim hakimlərlə müqayisədə, onların səhvləri çoxdur. Bunu sözgəlişi dedim.
“Turan” - “Neftçi” oyununa gəlincə, bizim Ekspert Komissiyamız var. Bu komissiya neytral insanlardan - Dövlət Neft Şirkətinin vitse-prezidentləri, Respublika Prokurorluğunun futbolsevər nümayəndələrindən təşkil olunub. Onlar araşdırma aparıb, mənə məruzə etdilər ki, heç bir danışılmış oyundan söhbət gedə bilməz.
- Ancaq araşdırmaları AFFA-nın yox, Peşəkar Futbol Liqasının Ekspert Komissiyası apardı.
- PFL komissiya yaratmaq iqtidarındadır. AFFA Ekspert Komissiyası hər bir şübhəli məqamı araşdırır. Biz çalışırıq ki, futbol yarışlarında ədalət prinsiplərin maksimum dərəcədə qoruyaq. Danışılmış oyunlar, hakimlik problemlərini praktiki olaraq, aradan qaldırmışıq. Siz jurnalistlər də hərdən belə məsələləri gündəmə gətirirsiniz. Düzdür, bunları qaldırmaq lazımdır, ancaq gəlin bu məsələlərə ədalətli baxaq. Klublar AFFA-dan həmişə narazı idilər. İndi isə onların narazılığı minimuma enib.
- Bu məsələdə “Neftçi” kimi klubun adının hallandırılması barədə nə deyə bilərsiniz?
- “Neftçi”nin Dövlət Neft Şirkətinin himayəsində olmasına baxmayaraq, AFFA prezidenti olduğum müddətdə bu kluba qarşı neytrallığımı həmişə qorumuşam. Heç kim deyə bilməz ki, AFFA tərəfindən “Neftçi”yə kömək olub. Bizim bütün klublara, o cümlədən “Neftçi”yə qarşı münasibətimiz yaxşıdır. Lakin bu komandaya digərlərindən fərqli yardım göstərmirik. Belə şey olmayıb, ola da bilməz. Hətta seçim etmək lazım gələndə, “Neftçi” üçün mənfi qərar veririk.
- Ötən ay milli komandanın baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti daha 2 illiyə uzadıldı. Alman mütəxəssisin qarşısına əlavə şərtlər qoyulubmu?
- Yox. Sadəcə, razılaşmanın müddəti artırılıb. Amma Foqts özü öz qarşısında yeni şərtlər qoyub və bir sıra məsələləri yerinə yetirəcəyini bildirib. Halbuki, bu, rəsmi müqavilədə yoxdur. Olsaydı belə, heç deməzdim. Bu, Berti Foqtsun yüksək mədəniyyətə malik insan olmasından və futbol aləmində tanınmasından xəbər verir. Artıq onunla əməkdaşlığın ilk hissəsi başa çatdı, indi yeni mərhələ başlayır.
- Dünya çempionatının seçmə mərhələsində milli komandamız 5-ci yeri tutdu. Bəs Avro-2012-nin seçmə qrup mərhələsində yığmadan hansı nəticə gözləyirsiniz?
- Məndən olsa, bizi birinci yer qane edir. Çünki hamı istəyir ki, qalib gəlib birinci yeri tutsun. Biz futbolun inkişafına nağıl kimi baxırıq: yataq duraq, hər şey yaxşı olsun. Ancaq futbol böyük zəhmət tələb edir. İspaniya Futbol Federasiyasının prezidenti Bakıda olarkən, futbol təsərrüfatından elə şeylər danışdı ki, biz heç onun yaxınına da gedə bilmirik. O söylədi ki, İspaniyada futbol dindən irəlidədir. Görün, bu nə böyük təsərrüfatdır. Təkcə “Barselona” klubunun üzvləri 350 milyon avro pul ödəyirlər. Bizdə hansı klubun bir üzvü gətirib 1 qəpik pul verib? Ancaq orada insanlar özləri bu təşəbbüslə çıxış edirlər. Barselona şəhəri futbolla yaşayır. Oradakı 100 minlik tutma malik stadionun 130 min abunəçisi var. Həmin 30 min insan 15-20 il növbə gözləyir ki, kluba üzv olsun. Biz də belə şeylər yaratmalıyıq. Azərbaycanın futbolla yaşaması, nəfəs alması istiqamətində işlər görməliyik. Birdən-birə qrupda ilk pilləni tutmaq, Avropa çempionatına vəsiqə qazanmaq mümkünsüzdür. Əsas odur ki, biz sıfırdan başlamışıq. Artıq indi Premyer Liqa klublarının 13, 15 və 17 yaşlı futbolçulardan ibarət komandalarının çempionatları keçirilir. Əgər əvvəllər bu klubların tərkibində ümumilikdə 300 futbolçu var idisə, indi onların sayı dəfələrlə artıb. Məktəblərarası, regional çempionatlar təşkil etmişik. Bunlar uşaq futbolunun inkişafı üçün həyata keçirilən tədbirlərdir. Futbola 9 yox, 7 yaşında gəlmək lazımdır. Sevindirici haldır ki, əsas milli komandamızın heyətində yaşı 20-dək olan 7-8 futbolçu var. Legioner futbolçuların sayı isə azalıb. Bu tendensiya davam edəcək. U-17-nin heyətində perspektivli futbolçular var. U-15-in üzvləri “Fənərbaxça” klubunda təlim-məşq toplanışında olublar. Gələn il Almaniyanın 3 klubunda 15 yaşadək futbolçularımız hazırlıq prosesi keçəcəklər. Nəticədə bir neçə ildən sonra bu oyunçuların hesabına dünya və Avropa çempionatlarına vəsiqə qazana biləcəyik.
- Foqts milli komandamıza Avro-2012-nin final mərhələsi üçün vəsiqə qazandıracağına söz verməyib?
- Əgər belə söz versəydi, onunla müqaviləni elə həmin gün pozardım. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: