Rəvan qələbəni əldən verdi
21 Aprel 2012 Şənbə 20:35
“Simurq” sumqayıtlıları məyus etdi.
Bu gün Unibank Premyer Liqasında 29-cu turun oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Hər iki oyun isə ikinci "altılığ"a təsadüf edib.
Paytaxtın "Rəvan" klubu öz meydanında Tovuzun "Turan" klubunu qəbul edib. Son turda "Simurq"la 0:0 bərabərə qalan Tovuz təmsilçisi bu görüşdə yalnız qələbə razı salacaqdı. Lakin hesabda geri düşməsinə baxmayaraq, "Turan" görüşdən bir xalla ayrıla bilib - 2:2.
Matçın 54-cü dəqiqəsində Taqim Novruzov penalti zərbəsində yaralanmaqla bakılıları hesabda önə çıxarıb. T. Novruzov daha bir qəhrəmanlığı ilə yadda qalıb. Belə ki, o, 61-ci dəqiqədə qırmızı kart alaraq meydanı vaxtından əvvəl tərk edib.
İkinci qol da penaltidən gəlib. Bu dəfə də sevinən tərəf "Rəvan" olub (2:0). Qolun müəllifi 82-ci dəqiqədə Miloş Zeçeviç olub.
Lakin matçın sonlarında oyun daha da gərginləşib. Tovuz təmsilçisi 2 dəqiqə ərzində 2 top vuraraq bakılılara şok yaradıb (2:2). 84 və 86-cı dəqiqələrdə müvafiq olaraq Georgi Beriaşvili və Aleksandr Qoqoberişvili (pen.) fərqləniblər. Matç elə bu hesabla da başa çatıb.
Günün digər qarşılaşması isə Zaqatala şəhər stadionunda baş tutub. Burada yerli "Simurq" klubu Unibank Premyer Liqanın aşkar autsayderi "Sumqayıt"la qarşılaşıb. Bu görüşdə "Simurq"u bir xal qane etdiyi halda, Sumqayıt təmsilçisi mütləq qələbə qazanmalı idi. "Sumqayıt" bu oyunda məğlub olacağı təqdirdə elitada qalmaq şansını daha da çətinə salacaqdı ki, belə də olub - 1:2.
Bu oyunda ilk qolu 35-ci dəqiqədə Zaqatala təmsilçisi Ruslan Poladov açıb. Oyunun ikinci hissəsində, 68-ci dəqiqədə Anatoli Doroş hesabı artırıb: 2:0. Yalnız matçın 76-cı dəqiqəsində sumqayıtlılar özünə gələ bilib, hesab arasındakı fərqi azalda biliblər. Bu dəfə Orxan Əliyev fərqlənib: 2:1.
Qeyd edək ki, 29-cu turun qalan görüşləri sabah keçiriləcək. İlk "altılıq"da 3, ikinci "altılıq"da isə 1 qarşılaşma baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: