Respublika stadionunda təmir işləri gedir
10 Aprel 2011 Bazar 16:39
Sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunun istifadəyə verilməsinin 60 illiyi qeyd olunacaq.
Bu il sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunun istifadəyə verilməsinin 60 illiyi qeyd olunacaq. Bununla bağlı gənclər və idman naziri Azad Rəhimov tədbirlər planının hazırlanması barədə göstəriş verib. Yubileylə bağlı silsilə tədbirlər keçiriləcək.
Bunu AzərTAc-a müsahibəsində Tofiq Bəhramov adına respublika stadionunun direktoru Akif İsmayılov bildirib. Direktor deyib ki, 1948-ci ildə inşasına başlanmış stadion 1951-ci il sentyabrın 16-da istifadəyə verilib. Əvvəlcə Stalinin, sonra Leninin adını daşımış, 1993-cü ildən isə Tofiq Bəhramovun adı verilib.
Hazırda bolqarıstanlı mütəxəssislərin iştirakı ilə stadionun meydançasında təmir-bərpa işləri həyata keçirilir. Ölkə çempionatının davam etməsi ilə əlaqədar oyunlar təxirə salınmır, matçalarla birgə təmir işləri də görülür. Stadionun işıqlandırma sistemi yenilənir və bu iş aprelin sonunadək davam edəcək. Arenada yeni generatorlar quraşdırılır. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya millilərinin oyunundan sonra stadionun oturacaqları dəyişdiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: