Rəşad Sadıqov qərarını verdi
15 May 2011 Bazar 17:19
Millimizin kapitanı "Qarabağ"da qalmağı üstün tutub
Rəşad Sadıqov qərarını verib. Milli komandamızın kapitanı "Qarabağ"da qalmaq qərarına gəlib. Qış fasiləsində Türkiyənin "Eskişəhərspor" klubundan "Qarabağ"a dönən və 6 aylıq müqavilə imzalayan Rəşadın anlaşması mayın sonunda başa çatacaq. Artıq klub rəhbərliyi ilə danışıqlar masası arxasına oturan milli futbolçu birillik müqavilə ilə bağlı razılığa gəlib. Anlaşma yaxın günlərdə imzalanacaq.
Amma Rəşadın müqaviləsində yenə də istədiyi zaman xarici kluba keçməklə bağlı bənd olacaq.
Xatırladaq ki, ötən yay müqaviləsindəki bu bənddən yararlanan futbolçu transfer pəncərəsinin son günündə "Eskişəhərspor"a keçmişdi. Sadıqovun bu yayda analoji addımı atması istisna deyil.
İki gün öncə ölkəmizə gələn Türkiyənin "Göztəpə" klubunun futbol direktoru Ali Gültekin Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyevlə yanaşı, Rəşadın da oyununu bəyənib. Hətta onu "Göztəpə"də görmək istədiklərini də bildirib. Lakin Rəşad belə bir təklif alacağı halda, yox cavabı verəcək. Çünki milli futbolçu 1-ci liqa klubunda oynamaq istəmir.
DOSTLARINLA PAYLAŞ: