Rauf Məmmədov: Ermənistanı məğlub etsəydik...
30 İyul 2011 Şənbə 12:17
Şahmatçımız ANS PRESS-ə müsahibəsində DÇ haqqında danışıb.
Şahmat üzrə yığma komandamız Çinin Ninbo şəhərində keçirilən Dünya çempionatında mübarizəni başa vurublar. Son Avropa çempionatının qalibləri Dünya çempionatında ümidləri doğrultmayaraq yekunda 7-ci yeri tutublar. Artıq komanda üzvlərindən bəziləri vətənə dönərək növbəti yarışlara hazırlaşırlar. Onlardan biri də Rauf Məmmədovdur. Şahmatçımız ağır Dünya çempionatından sonra Bakıda istirahət edir. Şahmatçı istirahətdə olmasına baxmayaraq Rauf Məmmədov ANS PRESS-in suallarını cavablandırmağa vaxt tapıb.

- Azərbaycan yığmasının Dünya çempionatında çıxışını necə qiymətləndirirsən?

- Çempionata uğurla start vermişdik. Belə ki, 4 turdan sonra komanda turnir cədvəlində 2-ci yerdə qərarlaşmışdı. Tarixdə ilk dəfə olaraq güclü Rusiya komandası üzərində qələbə qazanmışdıq. Ancaq təəssüf ki, sonradan mən də daxil olmaqla bütün şahmatçılarımız zəif oyun nümayiş etdirməyə başladılar. Ümumiyyətlə komanda olaraq zəif çıxış etdik. Ancaq komandada ən zəif nəticəni şübhəsiz ki, mən göstərdim...

-Şahmatçılarımızın qeyri-sabit çıxış etməsinə səbəb nə idi?

- Komandada yer alan 5 şahmatçıdan 2-si zəif oyun göstərdi. Yerdə qalan 3 şahmatçı isə orta səviyyədə oynadılar. Belə güman edirəm ki, komandada yer alan şahmatçıların uzun müddət oynamaması, oyun praktikasının olmaması öz təsirini göstərdi. Bundan başqa Dünya çempionatının səviyyəsi də çox yüksək idi. Rusiya kimi çox güclü komanda dünya birinciliyinin sonunda 4-cü yeri tutdu. Ancaq bu amillər bizim 7-ci yeri tutmağımıza haqq qazandırmır.

- Komandamız Ermənistan kollektivi ilə görüşdə son oyuna kimi irəlidə olsa da, sonda heç-heçəyə razı oldu. Sənin məğlub olmağın komandamızın Ermənistan üzərində qələbə qazanmasına mane oldu. Necə oldu ki, erməni şahmatçıya uduzdun?

- Ermənistan komandası bizimlə görüşdə psixoloji üstünlüyə malik idi. Onlar həmin tur turnirin lideri idilər. Biz isə təssüflər olsun ki, medallara bütün şanslarınızı itirmişdik. Vladimir Akopyanla görüşün əvvəlində çoxlu səhvlərə yol vermişdim. Qara fiqurlarla oyunda sonradan vəziyyəti düzəltməyə çalışsam da təəssüf ki, bu alınmadı. Yekunda komandamız Ermənistanla heç-heçə oynadı. Bəlkə də Erməmistanı məğlub etsəydik, onlar sonda çempion olmayacaqdı.

- Vüqar Həşimovun komandaya qaytarılmasından sonra daha yaxşı nəticəyə ümid edilirdi... O, komandamızı nə dərəcədə gücləndirib?

- Vüqar Həşimov FİDE-nin reytinqində ilk onluğa düşən Azərbaycan şahmatçısıdır. Onun komandamızda çıxış etməsi məticəyə yaxşı mənada təsir göstərir. Vüqar Həşimov dünya çenpionatında fərdi yarışda 9 turdan 5 xal yığdı. Komandamızda Vüqardan yaxşı yalnız Teymur Rəcəbov oynadı.

- Vüqar Həşimov Rusiya mətbuat orqanlarından birinə müsahibəsində Azərbaycan yığmasında bəzi təsadüfi şəxslərin olduğunu bildirmişdi. Vüqar Həşinovun bu fikrinə münasibət bildirərdin. Ümumiyyətlə komandada hər hansı bir problem mövcuddurmu?

- Komandada istər kapitan istərsə də şahmatçılar arasında dost münasıbəti var. Heç problemdən söhbət belə gedə bilməz. O , ki qaldı Vüqar Həşimovun fikirlərinə... Buna heç bir şərh vermək istəmirəm. Hər halda o, ağıllı, yetkin bir insandır. Bu onun şəxsi fikirləridir.

- Qarşıda səni hansı yarışlar gözləyir?

- Rusiyanın Xantı-Mantiysk şəhərində dünya kuboku yarışları keçiriləcək. Komandamızın mən də daxil olmaqla demək olar ki, bütün üzvləri həmin yarışda iştirak edəcəklər. Bundan sonra klubların mübarizəsinə start veriləcək. Mən SOCAR-ın tərkibində mübarizə aparacam. Bu turnirlərdə uğurla çıxış eədərək uğursuzluğu unutdurnaq əzmindəyəm.

- Sonda “Danya Şahmat Tacı” uğrunda Anand-Helfand arasındakı mübarizədən danışaq. Bu görüşdə kimə üstünlük verirsən? Azərbaycanlı şahmatçılardan hansısa nə vaxtsa “Dünya Şahmat Tacını” Bakıya gətirə biləcəkmi?

- Məncə Anand Helfandla görüşdə böyük favoritdir. Boris Helfand Kazanda keçirilən namizədlərin yarışında böyük işlər görərək qalib gəlib. Ancaq məncə Vişvanatan Anand tacı qoruyacaq. O, ki qaldı azərbaycanlı şahmatçıların “Dünya Şahmat Tacı”na sahib çıxmalarına... Məncə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimovdan birinin “Dünya Şahmat Tacı” uğrunda qarşılaşmalarda iştirak etmək üçün bütün şansları var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar