Ramin Qurbanov gümüş medal qazandı
12 İyun 2011 Bazar 19:48
Tallin şəhərində cüdo üzrə kişilər arasında Dünya Kubokuna yekun vurulub
Bu gün Estoniyanın paytaxtı Tallin şəhərində cüdo üzrə kişilər arasında Dünya Kubokuna yekun vurulub. Yarışın son günündə 7 çəki dərəcəsindən 4-də görüşlər keçirilib. Azərbaycan təmsilçilərindən yalnız Ramin Qurbanov (90 kq) gümüş medal qazanıb, digər idmançılarımız isə ciddi uğura imza ata bilməyib.
Ramin Qurbanov startda Polşa idmançısı Viktor Tvorjidlo ilə qarşılaşıb və onu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə ukraynalı Kecau Nyabaliyə də eyni aqibəti yaşadan idmançımız 1/4 finalda estoniyalı Qriqori Minaskini də keçməyi bacarıb. Yarımfinalda isə Qurbanov slovakiyalı Milan Randlunu ipponla mübarizədən kənarlaşdırılıb. Lakin finalda italiyalı Roberto Meloni ilə qarşılaşma təmsilçimiz üçün uğursuz alınıb və o, gümüş medalla kifayətlənib.
90 kq-dakı digər idmançımız Timur Əlixanov isə startda Ukrayna cüdoçusu Roman Qontyukla üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini məğlub etməyi bacarsa da, növbəti mərhələdə rusiyalı Viktor Semyonova ipponla uduzaraq mübarizəni erkən dayandırıb.
100 kq çəki dərəcəsində isə tatamiyə Sain Məmmədov çıxıb. O da startda Misir idmançısı Ramadan Dərvişə qalib gəlib. Lakin növbəti mərhələdə latviyalı Viktor Reşko Məmmədov üçün keçilməz olub.
+100 kq çəki dərəcəsində ölkəmizi Emin Tahirov təmsil edirdi. Lakin o elə startdaca mübarizəni dayandırmalı olub. Hollandiyalı Lyuk Verbij idmançımızı mübarizədən kənarlaşdıb.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən İlqar Müşkiyev (60 kq) qızıl, Nicat Şıxəlizadə (60 kq) bürünc medal qazanıb, Tərlan Kərimov (66 kq) isə 5-ci yeri tutub.
DOSTLARINLA PAYLAŞ: