Rabitə klubu Avropa birincisi ola bilmədi
10 Mart 2013 Bazar 20:48
Voleybolçularımız finalda "Vakıfbank"a məğlub olub.
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilən həlledici mərhələnin finalında “Rabitə” yerli “Vakıfbank”ı sınağa çəkib. Təəssüf ki, bu görüşə kimi məğlubiyyət acısı yaşamayan Azərbaycan çempionu bu dəfə məğlubiyyətə üzülüb. Nəticədə “Vakıfbank” qızıl medallara yiyələnib. “Rabitə” isə 2 il öncə olduğu kimi yenə Avropanın ikinci komandası olub.

Birinci setdə ilk xalı “Rabitə” qazanıb. Lakin ardınca üstünlük rəqibin tərəfinə keçib. Onlar yerli azarkeşlərin alqış sədaları altında dalbadal xal qazanıblar. Nəticədə ilk texniki fasilədə 4 xal geri düşən “Rabitə” ikinci texniki fasiləyə 10:16 hesabı ilə çıxıb. Bundan sonra da rəqib inamlı təsir bağışlayıb və seti aktivinə yazıb – 25:17.

İkinci hissənin əvvəlində “Rabitə” oyunun axarını dəyişməyi bacarıb. Xalaxal prinsipi ilə davam edən dəqiqələrdə komandamız ilk texniki fasiləyə 2 xal öndə də çıxıb. Lakin onlar bunun ardını gətirə bilməyiblər və yenə də hissəni “Vakıfbank” öndə bitirib.

Üçüncü hissə sonuncu olub. Komandamız hər 2 texniki fasiləyə öndə çıxıb. Lakin yenə voleybolçularımız sonda üstünlüyü əldən verib və gümüş medalla kifayətlənib.

Üçüncü yer uğrunda isə ev sahibi “Qalatasaray” İtaliya “Yamamay”ı ilə gücünü yoxlayıb. “Sarı-qırmızılar” 2 set uduzduqdan sonra hesabı bərabərləşdirsə də, sonda Busta Arsizio təmsilçisi qalib gəlib. Nəticədə ev sahibləri yarışı medalsız başa vurublar.

III yer uğrunda
“Qalatasaray” - “Yamamay” 2:3 (21:25, 15:25, 25:23, 25:22, 11:15)

Final
“Rabitə” – “Vakıfbank” 0:3 (17:25, 20:25, 23:25)


DOSTLARINLA PAYLAŞ:

oyunlar