Qus Hiddink: "Səhv etməyə haqqımız yoxdur"
11 Yanvar 2011 Çərşənbə Axşamı 17:30
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yetirmələrinin Avro-2012-yə vəsiqə qazanacağına ümid edir.
Futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi Qus Hiddink çalışdırdığı komandanın Avro-2012-yə vəsiqə qazanmaq şansları barədə danışıb. ANS PRESS-in “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, Hiddink 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq şanslarının qaldığını vurğulayıb.

“Səhv etməyə haqqımız yoxdur. Avro-2012-yə vəsiqə qazanacağımızı düşünürəm. Yaşlı olduqlarına görə bəzi futbolçularla yollarımızı ayırmağı düşünürdük. Amma qrupda Almaniya və Azərbaycana məğlubiyyətlər bu amili sürətləndirdi. Düşünürəm ki, Avro-2012-də mübarizə aparacağıq”, - deyə Qus Hiddink bildirib.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisi yığmamızla bir qrupda yer alır. Oktyabrın 12-də Bakıda baş tutan Azərbaycan – Türkiyə matçı millimizin 1:0 hesablı qələbəsilə yekunlaşmışdı. Matçda yegənə qolu hazırda karyerasını Türkiyənin “Eskişehirspor” klubunda davam etdirən Rəşad Sadıqov vurmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar