Qus Hiddink istefaya göndərildi
12 Noyabr 2011 Şənbə 12:31
Qus Hiddink istefaya göndərildi. Türkiyə Futbol Federasiyası Xorvatiya ilə matçdan sonra belə qərar verib.
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink istefaya göndərilib. ANS PRESS "Habertürk" portalına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası Xorvatiya ilə matçdan sonra belə qərar verib. 1, 5 ildir Türkiyə milli komandasına başçılıq edən Qus Hiddink və Oğuz Çetin çərşənbə axşamı günü son matçlarına çıxacaqlar. Komandanın baş məşqçisi isə İstanbul Böyükşəhər Belediyesporun texniki direktoru Abdullah Avçı olacaq.

Qeyd edək ki, futbol üzrə Türkiyə millisi Euro-2012-nin pley-off oyununda Xorvatiya yığmasına böyük hesabla məğlub olub. İstanbulda keçirilən qarşılaşma qonaqların 3:0 hesabı ilə başa çatıb.

Türkiyə millisi ilk qolu qapısında 2-ci dəqiqədə görüb. İvika Oliç türkləri şoka salan qola imza atıb. 32-ci dəqiqədə Mandzukiç komandasının üstünlüyünü iki qola çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 52-ci dəqiqədə Çorluka Türkiyə millisinin qapısından üçüncü topu keçirib və türklər üçün heç-heçəni əlçatmaz edib.

Beləliklə, Xorvatiya millisi cavab qarşılaşmasına böyük üstünlüklə gedir. Türkiyə yığmasının isə Avropa çempionatının final mərhələsinə çıxmaq şansları möcüzəyə qalıb.

Digər tərəfdən Türkiyə millisinin dörd oyunçusu - Hakan Balta, Sabri, Emre və Arda cavab oyununu buraxmalı olacaq. Onlar sarı kart həddini keçdikləri üçün cəzalı vəziyyətə düşüblər.

Matçın bitməsindən 90 dəqiqə sonra Türkiyə Futbol Federasiyası arenada "böhran yığıncağı" keçirib. Təxminən 1 saat davam edən yığıncaqda Hiddink-Çetin cütlüyünün istefaya göndərilməsi qərara alınıb.

Ancaq yığıncaqdan sonra Türkiyə Futbol Federasiyasının başçısı hələ qərar verilmədiyini və çərşənbə axşamı günündən sonra bu mövzuda danışılacağını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar