Qurbanov hazırlıqlara qatılıb
21 Mart 2009 Şənbə 17:48
Türkiyənin “Boluspor” klubunun şərəfini qoruyan İlqar Qurbanov Azərbaycan yığmasının hazırlıqlarına qatılıb
Türkiyənin “Boluspor” klubunun şərəfini qoruyan İlqar Qurbanov Azərbaycan yığmasının hazırlıqlarına qatılıb. Bu barədə açıqlama verən 23 yaşlı yarımmüdafiəçi bildirib ki, martın 19-dək Bakıda qalacaq. Həmin gün səhər məşqindən sonra Türkiyəyə qayıdacaq futbolçunun yığmaya gəlişi gözlənilməsə də, bu baş verdi: “Klubumdan icazə aldım və məni 4 günlük buraxdılar. Həm də elə alındı ki, son turda qırmızı vərəqə aldığım üçün cəzalıyam və martın 22-də keçirəcəyimiz oyunda iştirak edə bilməyəcəyəm”. Bank Asiya Liqasında mübarizə aparan “Boluspor” son turda “Kasımpaşa” ilə öz meydanında qolsuz heç-heçə etməklə vacib iki xal itirdi. 44-cü dəqiqədə ikinci sarı vərəqə alan həmyerlimizin komandasını çətin vəziyyətdə qoyması, baş məşqçi Sərhat Gülləri özündən çıxarıb. Türkiyə mətbuatının yazdığına görə Güllər görüşdən sonra soyunub-geyinmə otağına girərək, Qurbanovu hədələyib və onu mənasız qırmızı vərəqə almaqda qınayıb. Futbolçu isə bütün bunları təkzib edib: “Baş məşqçi ilə münasibətlərim yaxşıdır. Güllər soyunub-geyinmə otağına girərək, “ürəyini sıxma, səndə günah görmürəm, hakim bizi sıxırdı” dedi. Hakim, həqiqətən də, bizi həmin oyunda əməlli-başlı sıxdı. O, mənə hər iki sarı vərəqəni əllə oyuna görə göstərdi. Birinci vərəqəni alanda qəsdən əllə oynamamışdım. Yəni həmin epizodda vərəqə verməmək də olardı. Ola bilsin ki, mənə göstərilən qırmızı vərəqəni ləğv etsinlər. Bu məsələnin reallaşması 50-50-yədir”. Qurbanov bildirib ki, onu hər hansı ağır cəza gözləmir: “Stadionda oyunu izləyənlər də gördü ki, hakim mənə haqsız olaraq qırmızı vərəqə göstərdi. Təsadüfi deyil ki, onlar meydandan qovulduğum zamanı məni alqışladılar. Klubum məni cəzalandırmayacaq. Sadəcə, həmin “qırmızı”ya görə bir oyunu buraxmalı olacağam. Älbəttə, belə vacib görüşdə qırmızı vərəqə almamalı idim. Ancaq bu futboldur və belə alındı. Məgər komandamı çətin vəziyyətdə qoymağa razı olardım? Komandamız 7-8 oyundur uduzmur. Özü də bu, karyeramda ilk qırmızı vərəqə idi. İndiyə kimi heç vaxt belə aqibətlə üzləşməmişdim”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar