Qurban Qurbanov xüsusi oyun üslubu seçib
27 İyul 2010 Çərşənbə Axşamı 15:35
Baş məşqçi Qurban Qurbanov “Visla”nın futbolçularına qarşı kollektiv oyun nümayiş etdirmək fikrindədir.
Ağdamın “Qarabağ” klubu Avropa Liqasının üçüncü təsnifat mərəhələsi çərçivəsində Polşanın “Visla” klubu ilə görüşə hazırlığını başa vurmaq üzrədir. Komandanın bu gün Polşaya yola düşəcəyi gözlənilir. “Qarabağ” bu gün artıq Bakıda son məşqinə çıxıb. Baş məşqçi Qurban Qurbanov “Qarabağ”ın səfərdə kollektiv oyun nümayiş etdirərək, nəticəyə oynayacağını bildirib.

“ “Visla” klubunun oyununu analiz etmişik. Topla oynamağı xoşlayan futbolçulardan təşkil olunub. Bu futbolçuları müəyyənləşdirmişik. Onlara qarşı mübarizə aparacağıq. Komandada yalnız Ayxan Abbasov cəzalıdır. Düşünürəm ki, düzgün futbolçu seçimi edərək “Visla” ilə oyunda nəticə qazanacağıq”, - deyə Qurban Qurbanov ANS-ə bildirib.

Xatırladaq ki,”Qarabağ”ın bu gün Bakı vaxtı ilə saat 20:00-da Polşanın Krakov şəhərinə çatacağı gözlənilir. Komandamız sabah oyun öncəsi Bakı vaxtı ilə saat 23:00-da sonuncu məşqini edəcək. “Visla” – “Qarabağ” oyunu isə iyulun 29-u saat 23:00-da start götürəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar