Qızlarımız 7 qızıl medalla qayıdırlar
15 Fevral 2011 Çərşənbə Axşamı 10:32
Gimnastlarımız “Miss Valentina 2011” turnirində ümumilikdə 18 medal qazanıblar
Azərbaycan gimnastları Estoniyanın Tartu şəhərində ənənəvi “Miss Valentina 2011” beynəlxalq turnirində 7-si qızıl olmaqla 18 medal qazanıblar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli yığmanın lideri Aliyə Qarayeva halqa, top, gürz ilə hərəkətlərdə qızıl medal, lentlə hərəkətlərdə isə bürünc medal qazanmaqla, öz yüksək statusunu bir daha təsdiq edib.

Onun komanda yoldaşı Anna Qurbanova halqa və lentlə hərəkətlərdə ikinci yeri tutub. Zeynəb Cavadlı və Samirə Mustafayeva topla və halqa ilə hərəkətlərdə müvafiq olaraq 5-ci və 6-cı yerləri bölüşüblər. Ölkəmizi təmsil edən iki qrup kollektivinin çıxışı da uğurlu alınıb. Anastasiya Prasolova, Ceyla Quliyeva, Cəmilə Hüseynova, Aelita Xələfova, Səbinə Abbasova və Stefani Trayanovadan ibarət əsas qrup 3 lent/2 halqa ilə hərəkətlərdə gümüş, 5 topla hərəkətlərdə bürünc medala sahib olub.

“Neftçi” klubunun yetirmələri Jalə Qaratova, İradə Əhədzadə, Mənsurə Mehdiyeva, Mədinə Həsənova və Aliyə Paşayevadan ibarət digər qrup beş topla kombinasiyada daha yaxşı təsir bağışlayıb. Hakimlər onların çıxışını rəfiqələrinkindən daha yüksək qiymətləndirərək gümüş medala layiq görüblər. Bu yarışlarda iştirak edən bütün yeniyetmə gimnastlarımız da Bakıya medallarla qayıdıblar.

Belə ki, Gülsüm Şəfizadə lentlə hərəkətlərdə bütün rəqiblərini geridə qoyaraq, halqa ilə hərəkətlərə görə gümüş mükafat qazanıb. Onun yaşıdı Ləman Dadaşlı gürzlə hərəkətlərə görə bürünc medalın sahibi olub. Ləman Hacızadə də (1999 il təvəllüdlü) gürz və topla hərəkətlərdə üçüncü nəticə göstərib. İplə hərəkətlərdə 11 yaşı Ruqiyyə Səttarovanın tayı-bərabəri olmayıb. Leyla İbrahimova əşyasız hərəkətlərdə üçüncü nəticəni göstərib. Ən azyaşlı təmsilçimiz 7 yaşlı Lala Kramarenko isə əşyasız və halqa ilə hərəkətlərdə ilk qızıl medallarını qazanıb.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva idmançılarımızın uğurları barədə belə deyib: “Yarışların birinci günündən sonra ikinci yerdə olan yeniyetmə gimnastlardan ibarət qrupumuz, çox təəssüf, medalsız qalmışdı. 5 iplə hərəkətlərin həlledici məqamında yol verdikləri bir neçə səhvə görə Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasilyeva və Yekaterina Prokopenko dördüncü yerlə kifayətlənməli oldular. Amma bu, cari ildə ilk yarışımızdır və mən bütün gimnastlardan çox razıyam. Onların hamısı yeni proqramla çıxış etdilər. Tamaşaçılar da hər çıxışımızı alqışlarla qarşılayırdılar. Ən başlıcası isə bizi üç aydan sonra Minskdə keçiriləcək Avropa çempionatına hazırlaşmaq üçün gərgin iş gözləyir”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar