Qızıl Qran-pri turnirinin final mərhələsi start götürüb
16 İyul 2010 Cümə 21:50
Qızıl Qran-pri turnirinin final mərhələsi start götürüb. Sərbəst güləşçilərimiz 8 medal qazanıb.
Bu gün Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi start götürüb. Yarışın ilk günündə sərbəst üslubda güləşənlər arasında qaliblər müəyyənləşib.

Heydər Əliyevin xatirəsinə həsr olmunş Qızıl Qran-pri turnirində döyüşlər səhər saatlarından başlasa da, yarışın rəsmi açılış mərasimi saat 17:00-a təsadüf edib. Beynəlxalq Güləş Federasiyası FİLA-nın prezidenti Rafael Martinetti açılış mərasimində çıxış edərkən, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu və bu ənənəvi turnirin əhəmiyyətini vurğulayıb. Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov da açılış mərasimində çıxış ediblər. Daha sonra, olimpiya və dünya çempionu Fərid Mansurovun güləşçi karyerasını başa vurması ilə bağlı mərasim keçirilib. Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə ölkə prezidenti İlham Əliyevin Fərid Mansurova təbrikini çatdırıb. Bundan sonra sərbəst güləşçilərin mübarizəsində medal uğrunda döyüşlərə start verilib.

Ağırlığı 66 kq. olan idmançılar arasında Azərbaycan finalı baş tutub. İki həmyerlimizin duelindən Cəbrayıl Həsənov qalib ayrılıb. Emin Əzizov isə gümüş medalla kifayətlənib. Növbəti qızıl medalı komandamıza Xetaq Qazyümov qazandırıb. O, həlledici qarşılaşmada amerikalı rəqibindən üstün olub. Bu çəkidə Şərif Şərifov bürünc medalla kifayətlənib. 96 kq.-da isə Xetaq Qazyümov Qızıl Qran-pri turnirinin qızıl medalına yiyələnib. O, finalda daha bir idmançımız Cəmaləddin Maqomedova qalib gəlib. 74 kq.-da çıxış edən Çamsulvara Çamsulvarayev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Sonuncu medalı isə sərbəst güləş yığmamızın aktivinə 3-cü yeri tutmuş Əli İsayev yazdırıb.

Beləliklə, 3 qızıl, 2 gümüş və 3 bürüc medal qazanmış Azərbaycan yığması komanda hesabında da 1-ci yeri tutub. Heydər Əliyevin xatirəsinə həsr olmnuş Qızıl Qran-pri turnirində sabah mübarizəyə Yunan-Roma güləşçiləri qoşulacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar