“Qızıl Əlcək” İdman Klubunun üzvləri Vətənə dönüblər
12 Sentyabr 2011 Bazar Ertəsi 14:18
Avropa çempionu olan “Qızıl Əlcək” İdman Klubunun üzvləri Vətənə dönüblər
Bakı – APA. İtalyanın Liqnano-Sabbadoro şəhərində “Gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə keçirilmiş Avropa Çempionatında çıxış edən “Qızıl Əlcək” İdman Klubunun üzvləri Vətənə dönüblər. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın rəsmi qarşılanma mərasimi keçirilib. İdmançıları “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi, mətbuat nümayəndələri və qaliblərin ailə üzvləri qarşılayıblar.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın sponsorluq etdiyi “Qızıl Əlcək” İdman Klubunun Avropa çempionatına yollanan 7 idmançısının hamısı mükafat qazanıb. Çempionatda müxtəlif versiyalar üzrə 40 ölkənin 800-dən artıq idmançısı iştirak edib. Şirkətdən APA-ya verilən məlumata görə, Azərbaycan yığma komandası çempionatda 23 idmançı ilə təmsil olunub ki, onlardan 7-i “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın sponsorluq etdiyi “Qızıl Əlcək” İdman Klubunun üzvüdür.
Çempionat Azərbaycan yığma komandası üçün uğurlu olub, komanda çempionatı 4 qızıl, 6 gümüş, 10 bürünc medalla başa vurub. 3 qızıl, 2 gümüş və 2 bürünc medal “Qızıl Əlcək” İdman Klubunun hesabına yazılıb. Azərbaycan yığma komandasını çempionata “Qızıl Əlcək” İdman Klubunun baş məşqçisi, boks üzrə Azərbaycanın əməkdar məşqçisi və kikboksinq üzrə dünya çempionu Rəhim Allahverdiyev və Hikmət Hacıyev hazırlayıblar.
Azərbaycan yığma komandası 20 medalla çempionatın ikincisi olub. Birinci yeri Rusiya Federasiyasının komandası, üçüncü yeri isə Serbiya və Xorvatiya komandaları tutub.
Qeyd edək ki, “Qızıl Əlcək” İdman Klubu 1998-ci ildə yaradılıb. Hazırda klubda 350-dən artıq gənc müxtəlif idman növlərinin sirlərini öyrənir. İdmançılar yığma komandanın tərkibində ölkəmizi təmsil edərək Avropa və Dünya çempionatlarında böyük uğurlar qazanıb. Klub üzvlərindən 1 nəfər boks, 5 nəfər kikboksinq üzrə dünya çempionu, 7 nəfər Avropa çempionu, 8 nəfər Asiya çempionu, 15 nəfər Avroasiya çempionu titulunu qazanıb. Eyni zamanda 10 idmançı boks, 40 idmançı isə kikboksinq üzrə beynalxalq turnirlərin qalibi olub.
2010-cu ildə Klubun üzvü Şaban Şahpələngov Bakıda keçirilən Boks Üzrə Gənclər Arasında Dünya Çempionatında qızıl medala layıq görülməklə bərabər Beynəlxalq Boks Assosiasiyasının (AİBA) “2010-cu ilin ən gənc və ən yaxşı boksçusu” adına layiq görülüb.
Fəaliyyətdə olduğu illər ərzində İdman Klubunda 4 beynəlxalq dərəcəli idman ustası, 10 idman ustası, boks üzrə Azərbaycanın əməkdar məşqçisi yetişib.
DOSTLARINLA PAYLAŞ: