Qılıncoynatma Birinciliyi start götürüb
26 Yanvar 2009 Bazar Ertəsi 21:34
Qılıncoynatma üzrə yeniyetmələrin Bakı Birinciliyi start götürüb.İlk yarış günü ümumilikdə 41 kadet qılıncoynatmanın sablya növündə qüvvəsini sınayıb
Qılıncoynatma Federasiyasının zalında sözügedən idman növü üzrə yeniyetmələrin Bakı Birinciliyi start götürüb. İlk yarış günü ümumilikdə 41 kadet qılıncoynatmanın sablya növündə qüvvəsini sınayıb.


Qadınların yarışında Dilarə Quliyeva bütün rəqiblərini məğlub edərək paytaxt birinciliyinin qalibi olub. Finalda məğlub olmuş Fatma İbrahimova isə Bakı birinciliyini ikinci yerdə bitirib. Ən güclü üçlüyü Arzu Kərimova və Aytac Araişkar tamamlayıblar.


Oğlanların yarışı da kifayət qədər maraqlı idman mübarizəsində keçib. Həlledici final döyüşündə Azər Tağıyevlə Zaur Qasımov qılınc oynadıblar. Qarşıdurmanı Azər qazanıb. Nəticədə Zaur Qasımov birinciliyi ikinci yerdə bitirib. Ruslan Bizəyevlə Hüseyn Dadaşov isə Bakı birinciliyinin üçüncüsü olublar. Əlavə edək ki, 4 ilə yaxındır yeniyetmələr arasında ölkə daxili yarışlar keçirilmirdi.


Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun verdiyi məlumata görə, uzun müddətdir maddi texniki bazanın olmaması və yarışların keçirilməməsi nəticəsində belə bir yığma komandanın olmaması məsələsi ilə üz-üzə gəliblər: «Üç-dörd ildir kadetlər arasında belə birincilik keçirilmirdi. Sonuncu 2004-2005-ci illərə təsadüf edir».


Qeyd edək ki, sabah qılıncoynatmanın şpaqa növünü seçmiş idmançılar Bakı Birinciliyi uğrunda mübarizə aparacağlar. Ertəsi gün rapiraçılar qılınclarını tutuşduracaqlar. Bakı birinciliyitnin qalibləri mart ayının 2-7-i aralığında Fransada təşkil olunacaq yeniyetmə muşketyorların Avropa birinciliyində ölkəmizin idman şərəfini qoruyacağlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar