“Qəbələ”dən azarkeşlərə sürpriz
20 İyul 2010 Çərşənbə Axşamı 15:00
Futbol fanatları Londona səfər edə bilərlər.
British Midland International və "Qəbələ" futbol klubu futbol azarkeşləri üçün onlayn müsabiqə keçirir. Müsabiqədə futbol azarkeşlərindən "Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik" tapmaq xahiş olunur. Müsabiqənin məqsədi Azərbaycanın futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək və hər iki ölkədə sevilən oyun arasında fərqləri və oxşarlıqları tapmaq imkanı verməkdir.

Birinci yerin sahibi Londona pulsuz ikitərəfli bilet qazanacaq. İkinci və üçüncü yerlərin sahiblərinə də hədiyyələr veriləcək. Müsabiqənin tam şərtləri ilə klubun qabalafc.az ünvanlı saytında tanış olmaq olar.

Futbol müsabiqəsi təşəbbüsünü şərh edən “BMİ” şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova bildirib ki, futbol sadəcə oyun deyil: "Mən düşünürəm ki, hazırkı Dünya çempionatı atmosferinin hamı tərəfindən hiss edilməsi buna sübutdur. Futbol insanları daha yaxın və daha xoşbəxt edir”.

“Qəbələ” FK-nın İcraçı Direktoru Alastair Saverimutto müsabiqə haqqında fikirlərini bölüşərkən belə deyib: “Biz “Qəbələ” FK-da yeni və həyəcanlı bir dövrə daxil oluruq və bizim uzunmüddətli uğurlarımızın əsas açarı insanlarımız və biliklərimizdədir. Aydındır ki, biz digər futbol xalqlarından həm meydanda, həm də meydandan kənarda çox şeylər öyrənə bilərik və İngiltərə Premyer Liqasının klublarından öyrənmək imkanı sözsüz ki, bizim inkişafımızı sürətləndirəcək. Biz bu təşəbbüsü çox dəstəkləyirik və cavabları nəzərdən keçirməyi, öz azarkeşlərimizlə və ümumilikdə, futbol izləyiciləri ilə ünsiyyətdə olmağı səbirsizliklə gözləyirik”.

Müsabiqə şərtləri isə aşağıdakılardan ibarətdir: müsabiqədə iştirak edəcək şəxslərin yaşı 18-dən yuxarı olmalıdır. Müsabiqənin şərtləri və qaydaları haqda məlumatı azarkeşlər klubun İnternet səhifəsindən, Facebook səhifəsindən və klubun Facebook qrupundan əldə edə bilərlər. Müsabiqə iyulun 20-də başlayır və Avqustun 8-də bitəcək. Avqustun 8-dən gec göndərilən yazılar nəzərdən keçirilməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar