Qazaxıstan Azərbaycanla oyuna iki əsas futbolçusuz çıxacaq
06 Sentyabr 2011 Çərşənbə Axşamı 12:53
Rəqib komandanın iki futbolçusu zədələndiyindən matçda iştirak etməyəcək
Bu gün futbol üzrə Avropa Çempionatı – 2012-nin seçmə oyunları çərçivəsində Bakıda Azərbaycan milli komandasının qonağı olacaq Qazaxıstan yığması əsas heyətinin iki futbolçusunu - Muxtarov və Henrix Şmidtqalı itirib. ANS PRESS-in Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu matçöncəsi keçirdiyi mətbuat konfransında qazax millisinin baş məşqçisi Miroslav Beranek bildirib.

“Birinci ondan başlayım ki, Muxtarov burun sümüyündən zədə alıb və Türkiyə ilə matçdan sonra Almaniyaya yollanıb. Henrix Şmidtqal isə dizini zədələyib. Həmçinin Azərbaycanla oyunda Tanat Nuserbayev də iştirak edə bilməyəcək”, - deyə o bildirib.

O eyni zamanda Bakıda keçiriləcək oyunda hücumçu Serqey Xijniçenkonun çıxış edə biləcəyini istisna etməyib. “Mən bilmirəm oyun necə alınacaq, hər halda rəqibimizi yaxşı öyrənmişik. Lakin kimin güclü olduğunu oyun göstərəcək”, - deyə qazaxların baş məşqçisi qeyd edib.

Miroslav Beranek Azərbaycan milli komandasının məşqçisi Olaf Yansenin oyunun əvvəlindən hücum futbolu oynayacaqlarına dair dediklərini nəzərə alacaqlarını da bildirib. Jurnalistlərin “nə üçün Qazaxıstan yığması həlledici qolları məhz oyunun sonlarında buraxır” kimi sualını cavablandıran (Qazaxlar Türkiyə ilə son oyunda 97-ci dəqiqədə qol buraxaraq 1-2 hesabı ilə məğlub olublar – red.) Beraek qeyd edib ki, Qazaxıstan komandasının özünün də son dəqiqələrdə qol vurmaq imkanları olur.

“Sadəcə vurmaq lazımdır: məsələn, Qridin türklərlə oyunun sonlarında gözəl fərqlənmə imkanı əldə etmişdi”, - deyə o jurnalistlərin diqqətinə çatdırıb.

Xatırladaq ki, Azərbaycan seçmə mərhələ çərçivəsində artıq Qazaxıstan yığması ilə səfər matçında qarşılaşıb və oyun qazaxların 2-1 hesablı qələbəsi ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar