Qayayadırmanma üzrə respublika çempionatı keçirilib
18 May 2011 Çərşənbə 13:30
İdmançılarımız uğurlu nəticələr əldə ediblər
Azərbaycanın idman tarixində ilk dəfə olaraq süni relyefdə qayayadırmanma üzrə respublika çempionatı keçirilib. Çempionat Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “A+A”, “Ekosport”, “Climb-club”, “AMEAST”, “AzDBTİA”, “Salavat”, “Zirvə” klubları ilə yanaşı, respublikanın digər qurumlarının idmançıları və Gürcüstandan gəlmiş qayayadırmananlar iştirak edib.
Ümumilikdə, 70-ə yaxın idmançının qatıldığı açıq ölkə çempionatına Bakıdakı “Green Rock” süni qayayadırmanma klubunda start verilib. Yarış başlanğıcdan kifayət qədər həyəcanlı dəqiqələrlə müşayiət olunub və gərgin keçən mübarizə daha çox onunla yadda qalıb ki, sanki çempionat Azərbaycanda ilk dəfə keçirilmir-idmançıların kifayət qədər peşəkarcasına mübarizə aparması bu qənaətin formalaşmasına əsas yaradıb.
Birincilik uğrunda həyəcanlı və maraqlı keçən mübarizə kişilər və qadınlar arasında bir neçə mərhələdə davam edib. Əvvəlcə təsnifat mərhələsi, daha sonra 1/8, 1/4, 1/2 və final mərhələlərində mübarizə aparılıb.
Özünəməxsusluğu ilə fərqlənən və azarkeşlərə həyəcanlı dəqiqələr yaşadan maraqlı idman mübarizəsi təsnifat mərhələsindən sonra 20 idmançının növbəti mərhələdə birinci yer uğrunda yarışması ilə davam edib. Qaliblərin müəyyənləşməsi mərhələsində gərgin anlar yaşayan Azərbaycan idmançıları qüvvələrini səfərbər etsələr də, kişilər arasında ilk 3 yer gürcüstanlı qayayadırmananlara (1-ci yer - Dabrundaşvili Quram, 2-ci yer – Mikaladze Erekle, 3-cü yer – Xutşişvili Quram) nəsib olub.
Qadınlar arasında keçirilən yarışlarda da aktivlik və mübarizlik nümayiş etdirilib. Burada da birinci 2 yeri qonaqlar, 3-cü yeri isə Azərbaycan idmançısı (1-ci yer – Xutşişvili Nutsa, 2-ci yer – Meladze Tamara, 3-cü yer – Maşkova Yanina) qazanıb.
Qeyd edək ki, yaxın müddətdə çempionatın mürəkkəblik altnövü üzrə növbəti mərhələsi də “Green Rock” süni qayayadırmanma klubunda keçiriləcək.
Ölkəmizdə bu kimi yarışların təşkil edilməsi gələcəkdə Azərbaycan idmançılarının qayayadırmanma üzrə texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə, o cümlədən yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.
DOSTLARINLA PAYLAŞ: