Qata Kamski "Baku Open" turnirini qalib kimi baş vurdu
31 Avqust 2010 Çərşənbə Axşamı 22:25
Amerikalı şahmatçı 10 min dolların sahibi oldu.
Şahmat üzrə “Baku Open” turnirinə bu gün yekun vurulub. 9 turluq yarışın qalibi adını Amerika Birləşmiş Ştatları təmsilçisi qazanıb. Şahmat üzrə “Baku Open” turnirinin startından əvvəl favorit göstərilən amerikalı Qata Kamski sonda yarışı 1-ci pillədə başa vurub. 9-cu turda amerikalı şahmatçı 7 xal yarımla “Baku Open” turnirinin qalibi adını qazanıb. Qata Kamski həm də 10 min dollar pul mükafatına da sahib çıxıb.
“Ümumilikdə hər şey çox yaxşı alındı və mən 1-ci yeri tutdum. Əlbəttə ki, bu nəticədən çox razıyam. Turnir mənim üçün xüsusi ilə çətin alındı. Çünki, bütün partiyalar müəyyən mənada döyüşkən oldu. Demək olar ki, hər partiyada, hətta hər gedişdə mübarizə aparmaq lazım gəldi. Son partiyalarımı isə daha diqqətlə oynayırdım. Çox güclü turnir idi və mənim üçün yaxşı təcrübə oldu”,-deyə turnirin qalibi Qata Kamski bildirib.
Turnirdəki son oyununda həmyerlimiz Rauf Məmmədovu məğlub etmiş israilli Emil Sutovski isə yarım xallıq geriləmə ilə 2-ci yeri tutub. Əslində, Sutovski ilə yanaşı belaruslu Aleksey Aleksandrov, iranlı Əsgər Quluzadə, həmçinin həmyerlimiz Nicat Abbasov 7 xal yığıb. Lakin, şəxsi əmsallara görə Sutovski 2-ci, Aleksandrov isə 3-cü olub. Azərbaycan şahmatçılarından son tura qədər ikinci pillədə qərar tutmuş Rauf Məmmədov isə sonda 6-cı yerlə kifayətlənib.
Qeyd edək ki, “Baku Open” turnirinin ümumi mükafat fondu 60 min dolları təşkil edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: