Qarabağ klubu öz meydanında məğlub oldu
22 Aprel 2012 Bazar 20:07
“Bakı” klubu Quzanlıda futbol dərsi keçdi.
Bu gün Unibank Premyer Liqanın 29-cu turunda növbəti oyunlar keçirilib. ANS PRESS-in məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.
Turun ilk görüşündə Ağdamın "Qarabağ" klubu ardıcıl ikinci dəfə olaraq "Bakı" klubu ilə qarşılaşıb. Ölkə kubokunun yarımfinalında üz-üzə gələn komandalar bu dəfə Quzanlıda münasibətlərinə aydınlıq gətiriblər. Çempionluq şansını hələ də saxlayan "Qarabağ" bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin bu oyunda rəqibinə 2:4 hesabı ilə məğlub olan "Qarabağ" çempionluq şansını itirib.
Belə ki, ilk qolu 14-cü dəqiqədə paytaxt klubunun oyunçusu Deniss İvanovs vurub. Yalnız 20 dəqiqədən sonra – matçın 34-cü dəqiqəsində Georgi Adamiya hesabı bərabərləşdirib.
Oyunun ikinci hissəsinda – 62-ci dəqiqədə Deividas Çesnauskisin qolu ilə “Bakı”lılar hesabda yenidən irəli çıxıb: 1-2. 3 dəqiqədən sonra Aleksandar Soliçin top fərqinin ikiyə çatdırıb: 1-3. “Bakı” daha əzmkar oyun göstərərək 75-ci dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb. Bu dəfə penaltidən Namiq Yusifov verilən imkanı qaçırmır: 1-4.
Yalnız oyunun sonunda, matçın bitməsinə 1 dəqiqə qalmış Muarem Muarem hesabı 2-4 edə bilib.
“Bakı” klubunun baş məşqçisi Novruz Əzimov qələbə anlarını bölüşərkən bildirib ki, bütün imkanlardan istifadə edib sona qədər vuruşub istəklərinə nail olublar: “Çox şadam ki, səfərdə “Qarabağ” kimi güclü komandanı məğlub edə bildik. Oyunçularımı təbrik edirəm. Hava şəraiti pis olsa da, qələbə qazandıq. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzulayıram”.
Bu gözəl oyuna görə rəqibini təbrik edən “Qarabağ” klubunun baş məşqçisi “Qurban Qurbanov deyib ki, “Bakı” kimi komanda ilə oynamaq həqiqətən də çox çətin idi: “Az vaxt ərzində bu qədər qol buraxmağımız oyunçularıma psixoloji cəhətdən çox pis təsir etdi. Səhvlərimiz çox oldu. Bu nəticəni gözləmirdim”.
DOSTLARINLA PAYLAŞ: