Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avroliqanın üçüncü təsnifat mərhələsində Finlandiya “Honka”sı ilə qarşılaşır. Klubun internet saytının məlumatına görə, “Qarabağ” oyuna artıq hazırdır. Komandanda yüksək əhval-ruhiyyədə var. “Qarabağ”ın heyətində zədəli və cəzalı futbolçunun olmaması üzləri güldürsə də, Rəşad Sadıqovun oyuna çıxış edib-etməməsi sual altındadır. Millinin kapitanının taleyinə oyun saatı aydınlıq gələcək.
Komanda dünən Helsinkidə sonuncu məşqinə çıxıb. Yerli vaxtla 18:30-da, oyunun başlama vaxtında gerçəkləşən çalışma təxminən 1 saat davam edib.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və ANS ÇM radiosu ilə canlı yayımlanacaq.
Cavab qarşılaşma isə avqustun 6-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
Anar Məmmədov /ANS PRESS/