"Qarabağ"ın futbolçusu 10 oyunluq diskvalifikasiya edildi
01 Mart 2011 Çərşənbə Axşamı 17:01
AFFA-nın İntizam Komitəsi bəzi qərarlar qəbul edib
Unibank Premyer Liqasında çıxış edən “Qarabağ” klubunun əvəzedici heyətinin 22 nömrəli futbolçusu İsrafil Qarayev 10 oyunluq diskvalifikasiya edilib. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu qərar İntizam Komitəsinin toplantısında verilib. Futbolçu Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Qarabağ” – “Turan” matçının 90+2-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Lakin matç başa çatdıqdan sonra futbolçu meydançaya daxil olaraq hakimə fiziki təsir göstərib. Bu səbəbdən də futbolçu 10 oyunluq cəzalanıb, klub 5000 (beş min) manat cərimə olunub. İntizam Komitəsinin digər qərarlarını nəzərinizə çatdırırıq:
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun AZAL – “Bakı” matçının 44-cü dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Rəhman Hacıyev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur.
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Neftçi” – MOİK matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 500 (beş yüz) manat cərimə olunur.
Azərbaycan I Divizionunun XVI turunun “Göyəzən” – “MKT Araz” matçında “MKT Araz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur.
Azərbaycan I Divizionunun XVI turunun “Şuşa” – “Neftçi” İSM matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Oyunun 90+3 dəqiqəsində “Neftçi” İSM klubunun 9 №-li futbolçusu Aslan Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur. anspress
DOSTLARINLA PAYLAŞ: