"Qarabağ" gənclərə yeni şans verdi
27 Dekabr 2010 Bazar Ertəsi 17:35
5 futbolçu ilə müqavilələrin müddəti uzadılıb
Ağdamın “Qarabağ” klubu 5 futbolçusu ilə müqavilə müddətini uzadıb. Klubdan ANS PRESS-ə verilən məlumata görə, komandanın gənc istedadları Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov və Qara Qarayevlə müqavilə müddətləri artırılıb.
Müqavilələri yayda başa çatan Maksim, Rauf, Əfranla yeni 2 illik müqaviləylə 2013-ün yayına qədər müqavilələri uzadılıb. Daha bir gənc istedad Qara Qarayevin isə müqaviləsi 2014-cü ilin yayına qədər uzadılıb.
Yayda Ukrayna “Krivbass”ından “Qarabağ”ın sıralarına qoşulan, oyunuyla ən yaxşı sol cinah müdafiəçisi kimi diqqəti cəlb edən Ansi Aqolli isə daha il yarım Ağdam təmsilçisinin uğurları üçün tər tökəcək. Albaniya millisinin üzvü 2012-nin yayına qədər “Qarabağ”la müqavilə bağlayıb.
Futbolçuların özləri imzaladıqları müqavilələr haqda bunları söyləyib:
Maksim Medvedev: “Qarabağ” mənim ilk peşəkar klubumdur. 21 yaşım olsa da, artıq 4 ildən çoxdur ki, “Qarabağ”ın əsas heyətində top qovuram. Burada artıq özümü “bərkitmişəm”. Təbii ki, doğma klubumla müqaviləmi uzatdığıma görə sevinirəm. Həm Rauf, həm də Əfranla uşaqlıqdan birlikdəyik. Hamımızın müqaviləsinin uzadılması çox sevindiricidir. Bu bizə daha yaxşı çıxış etmək üçün motivasiya verir. Ümid edirəm ki, tezliklə qazanacağımız uğurlarla azarkeşləri sevindirəcəyik”.
Rauf Əliyev:”Təbii ki, Maksim kimi mən də gənc olmağımıza baxmayaraq artıq köhnələrdən sayılırıq. “Qarabağ” komandası daim mənə sahib çıxıb. İndi rahatca futbol haqqında fikirləşəcəyik. Öz “evimizdə” daha 2 il qalacağıq. Əsas məqsədimiz "Qarabağ"la çempion olmaq sonra isə Avropada legioner həyatı yaşamaqdır”.
Əfran İsmayılov:”Qarabağ” mənim üçün özəl komandadır. Özümü burada çox rahat hiss edirəm. 5 aydı futbol oynamasam da, mənə qarşı çox diqqətli davranırlar. “Qarabağ”la yeni müqavilə bağladığıma görə çox xoşbəxtəm. Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyir. Biz gənclərin birlikdə oynaması eyni zamanda Azərbaycan millisinin gələcəyi üçün də faydalıdır”.
Ansi Aqolli:”6 ay bundan qabaq “Qarabağ”a gələndə, belə əla komandaya düşəcəyimi gözləmirdim. Teli mənə “Qarabağ”ı çox tərifləsə də, öz gözlərimlə Admirin dediklərinin həqiqət olduğunun şahidi oldum. “Qarabağ”da bir ailə mühiti var. İnşallah, “Qarabağ”da daha böyük uğurlara imza atarıq. Bunun üçün “Qarabağ”da istəniləm mühit var”.
Qara Qarayev: ”Əslən qarabağlı olduğuma görə “Qarabağ” mənim komandam olmaqla, yanaşı aldığım nəfəsdir. Özümü “Qarabağ”dan başqa heç bir yerdə təsəvvür edə bilmirəm. Hələ 5 il “Qarabağ”ın futbolçusu olacağıma görə həqiqətən sevinirəm”.
DOSTLARINLA PAYLAŞ: